Səbinə Xosiyevadan seçmə şeirlər
Bir ürəkdə
Bu necə unutmaqdır?
Gözün hələ nəmdisə...
Uzaqlar cənnət deyil,
İçin cəhənnəmdisə...
Öz-özünlə qalanda ,
Tində, küncdə, dalanda.
Ha gülümsə yalandan,
O çəkdiyin qəmdisə...
Ha gileylən, ha deyin,
Hər şey keçər, - ha deyim,
Min əzabı taleyin
bir ürəkdə cəmdisə...
XXX
Kiməm, nəyinəm?
O gözlərindəki sevgidir, nədir?
Nədir mənə doğru gətirən səni.
Qorxuram soruşam kiməm, nəyinəm?
Qorxuram bir ömür itirəm səni...
Mən axı ömrünün harasındayam?
Bəlkə də doğman yox, yadınam elə...
Bəlkə də hamıdan əzizin mənəm,
Dərdindən öldüyün qadınam elə...?
Keçir suallarla günüm, saatım,
Susdura bilmirəm qəlbimin səsin.
Necə də çətindir əlin tutmamaq,
Məsumca, dəlicə sevdiyin kəsin...
İsidir ruhumu odlu baxışın,
Hərdən də görürəm həmin deyilsən.
Bu qədər nagüman buraxma məni,
De görüm mənimsən, mənim deyilsən?...
XXX
Kimin gedər?
Gözümü yumsam əbədi, kinin gedər, görəsən?
Ölsəm əgər, bu dünyadan, kimin gedər, görəsən?
Ağlayaraq son qoyarsan o qürurlu vərdişə?
Ya hələ də qorxursan düşməkdən dilə-dişə?
Yenə bütün suallarım, yarı "bəlkə", yarı "kaş"...
Olmayaydı bu qəlbimin bir vəfasız yarı kaş...
Mən onsuz da yaşamağı unutmuşam haçandır,
Ayrılıqdan sağ-salamat çıxan de, hansı candır?
Qoy heç xəbərin olmasın, yorulmuşam, bitmişəm,
Bəlkə elə sənin üçün çoxdan ölüb-itmişəm?
XXX
Əlvida...
Qalardım narahat təlaş içində,
Səsini duymasam, görməsəm səni.
Bu yalan, vəfasız, zalım dünyada,
Kim belə sevəcək görəsən səni...?
Soldu gözlərimdə açan çiçəklər,
Gedişin yazımı qışa çevirdi...
Bizi bu dünyada sanki yaradan,
Qoşa yaratmışdı, qoşa sevirdi.
Nə sevdim, sevildim o gündən bəri,
Sənsiz keçən günə ömür demədim.
Sənsə bircə dəfə insafa gəlib,
"Görəsən, - yaşayır, ölür", -demədin...
Yıxıldım kökümdən bir ağac kimi,
Yarpaqlar ələndi budaqlarımdan.
"Əlivida" söylədin o gün sən mənə,
Bir ömrü bitirdin dodaqlarında...
XXX
Apar həsrətini
Sən rahat yatırsan hardasa indi,
Mən neçə gecədir, yuxu yatmıram.
Gəl, bu həsrətini, gəl, götür, apar,
“Yiyəsiz” deyərlər, çölə atmıram.
Daha başım itir, yaddaşım itir,
Söz də saxlamıram, dilimdə qalmır.
Bu həsrət sənindir, gəl, al əlimdən,
Nə qədər gec deyil, əlimdə qalmır.
Atıb-getmək səndə adətdir, onsuz,
Anidən aradan qaçıb çıxardın.
Sevginə də sahib çıxa bilmədin,
Barı həsrətinə sahib çıxardın…
Hiç yorum yok