ADS

Əlfəcin

Qismət Məsimdən seçmə şeirlər

 

           XXX


Tapammıram, xeyli vaxtdır,

Hardasa vaxt itirmişəm.

Yığıram ömrü gözümə,

Görən nə vaxt itirmişəm.

 

Payızın qapısın döyüb,

Açıb görürəm qış düşüb.

Ağ günlərin sənədləri

Saçlarımla yanlış düşüb.

 

Bu qədər təklər içində

Yenə kimsə yalqız qalıb.

Tanıtmadım insanlara,

Dərdim də evdə qız qalıb .

 

Sənə çatmaq, səni ötmək,

Bir az qaranlıqdı küçə.

Bütün sevgi nağıllarım,

Gözlərində dönür heçə.

 

Keçdim səndən də birtəhər,

Yıxılmadım sənsizliyə.

Daha yağmurlu hava da

Şeir yazmır bu sevgiyə.

 

Ağlına gəlsəm, bağışla

Bağışla, deyim "hardasan".

Unutmaq üçün getmişdim,

Çatıb görürəm ordasan.

 

Şeytan da əl üzüb məndən

Allah, sən də burax gedim.

Havam çatmır bu sevgidə

Atın, bir az uzaq gedim...

 


        XXX


Günahdan qaçmaqdan taqətim itib,

Yenə sənə döndüm, niyə?- Bilmirəm..

Sənçün darıxmaq da tükənib, itib

Oyan, aç qapını döyə bilmirəm.

 

Sənin ayrılıqdan uzun saçını,

Yenidən yoluma biçib gəlirəm...

Bütün əyin-başım sevgi tozudu

Yüz dənə ürəkdən keçib gəlirəm.

 

Fələyin gözündə nə divar, nə sən,

O bilir ürəkdə hansı gedişdi..

Bu tavansız otaq, bu da ikimiz,

Qapını bağlamaq mənasız işdi..

 

Bəlkə unutmusan, yadından çıxıb,

Hər dəfə saçını hördüyün tərəf.

O qədər "əlvida" sözü çırpılıb

Qırılıb qəlbində sevdiyin tərəf.

 

Kimə hədiyyədi, kimə yuxudu...

Arzuya açılmır bazar dünyada...

Gedirsən, ya məni, ya dünyanı al,

Allah da mələksiz azar dünyada.

 

Həsrətdən şeytanın qulağınacan,

Nə qədər daş görsəm, yığmışam, oyan!

Bu qədər dərdimlə, məhəbbətimlə

Sənin ürəyinə sığmışam, oyan...

 

Bəlkə şimşək kimi çaxım ömrünə,

Bulud da bu boyda eşqi saxlamaz...

Sən yağış damcısı yarpaq könlümə,

Damcılar yarpaqda yaşayır bir az.!!

 


           XXX


Sən elə bilmə ki, Tanrı rahatdı,

Gecikən tövbəyə diksinir o da.

Bir sevgi duası atıb çiyninə

Bu soyuq dünyada isinir o da.


Elə düşünmə ki, səsin duyulmur,

Hər gün neçə qəlbin çağırışı var.

"Amin" eşitməkdən tutulub göylər,

Qarışqa duası, fil qarğışı var...

 

Hardasa bir günah bəzənir indi,

Güzgü qarşısında əlində daraq.

Kimisə şeytanla tanış etməyə

Cəhənnəm rəngində bəzənir dodaq...

 

Bu ürək, bu yoxuş, bu ömür yükü,

Oğulsan, arzundan o yana boylan.

Bir də görəcəksən anan deyilmiş

O qızın evində xonçayla duran...

 

Göylərdə fırlanır yenə də bir daş

Kiminsə bəxtinə çırpacaq özün.

Bəlkə günahını siləcək Tanrı

Qonşu çəpərindən baxan yalqızın.

 

Bütün səhərlərin gecəsi eyni,

Ya şərab qoxusu, ya köpək səsi...

Can verən əyyaşın ciyərlərinə

Bircə nəfəs qalıb, övlad nəfəsi..

 

Bax qadın şəri var, qadın hikkəsi

Yürüyür Allaha hey dəstə-dəstə...

İstədim qadınsız bir şeir yazam,

Qızım çay dağıtdı vərəqin üstə...

 


           XXX


Bəxtim aydın səma, mən gün görmürəm

Bilmirəm qalmışam nə kölgəsində...

Hərdən gülüşüm də xəyala dalır,

Gözəl arzuların düşüncəsində...


Yüyürsəm, nəfəsim çatarmı görən

Bir dua yolu var məndən arzuya..

Hər dəfə arxamca su atan zaman

Anamın göz yaşı qarışır suya..


Bu qədər istidə alışmır hələ,

Kimin ölüm günü isidər səni..

Hardasa isti bir otaq küncündə

Bilirəm bir soyuq düşünür məni..


Sevginin alnında tər damlasısan,

Sevmək gecikəndə ağlamaq deyil...

Saatı nəbzinin üstə bağlamaq

Nəbzini zamanla bağlamaq deyil..


Nə bilim, sonuncu sözüm hansıdır,

Hansı vəfasıza şeir yazacam..

İllərdir səsinin sehrində idim

İndi başdan-başa qulaq asacam..


Bəzən həyat rəngi düşür sevgiyə

Sanırsan, məcnunluq ürək qurtarıb...

Adam xanımına şeir oxuyur

O da qayıdır ki, çörək qurtarıb..


Nəyindən bezmisən asa bilərəm,

Bir edam ağacı göyərdib dərdim..

Amma sən ümid ver, qalxım ayağa

Tabut taxtasından ömür düzəldim..


Yaxşı dəli çıxar məndən istəsən

Heç nə istəmirsən, ürəyi buzsan...

Deyirsen, şeirdən nə tapmısan sən

Mən şeir yazmasam, sən adi qızsan..!


           XXX


Yanıb tökülür adam arzuların üstünə...

Bir quru qəbir qalır,

Bu boyda qalacaqdan..

Ancaq kədər yüklünün

Sevilmək neməti var..

Günahın bağırmasa

Rahatca yatacaqsan.. ...


         XXX


Ata nəşi zinətdi övlad çiyinlərinə, 

Bax bu gözəl ölməkdi, kimə desən, bəyənər.. 

Sən aslan pəncəsində yetimə çörək uzat

O nə sənə savabdı, nə də nuşdu yeyənə..


         XXX


Getmə, anam gəlini, ay sənin anan ölsün,

Çıxım bu tariximi təqvimə qızıl yazım...

Eh, daha bayquş qədər hörmətim olmayacaq

Divarlara "it qızı" deməyim kimə lazım...


      XXX


Təpə əzab gözləyir

Dərəni görməyəni,

Bir qurtum su istədim

Günahımda ilişdi..

İstədim qıfıl asam

Baxışının yolundan

Qapın sifət elədi

Yenə mənə nə işdi...?


       XXX


Bu da ağır addımdı, istəməyən atmasın..

Azadlıq gözləməsin doyanda yatan kölə...

Onsuz da bu dünyaya tənhalardı nur verən!

Bilirsən, əmi qurban, ölüb getmir hər ölən...

Hiç yorum yok