Elmir Həsəndən seçmə şeirlər
"Yoxluğunun paradı"
Baxışlarımdan bircə sən özgə düşmüsən,
qışın məzlum ayazı buzladıb könlümdə səni.
Sən yoxsan, hər gün bir qurtum da yox oluram,
sən yoxsan, qaranlıq tüstülənir sinəmdən.
Nə deyim, nəyi deyim,
yoxsa ki, külək olub əsimmi pəncərənizin ağzında –
ilin-günün bu çağında.
Canıma hopmuş ən şirin ətirsən,
qoxun hər külək əsdiyində ərşə qalxar içimdən.
Sən yaxşı bilirsən ən çox "kaş" dediyim xatirimsən.
Mənə qalsa, məndən olsa(...),
nəfəsin olub ürəyinlə dodaqların arasında əsərdim,
arzulardan incik düşmüş biriyəm onsuz da –
bir ömür itkin yaşıyacam sevginə tapınmaq üçün.
2021
XXX
"Ruhun reinkarnasiyası"
Yorulub diz qatladığım səkiləri sənə saysam,
saya gəlməz içimi çəkib sənə çiçək dərməyim,
siqaret tüstüsü közərməmiş küçələri dolaşmaq
sevdası var xəyallarımda,
sinəsi Günəş görməyən qadınları
sevməyin təntənəsidi sevgilərin fövqü...
Daha "qara" dodaqlı qadınlar da adiləşdi kişilərin gözündə...
Nə deyim, günlər ard-arda düzülüb alnımın qırışlarında,
bədənimi qızdırma götürüb ayaqdan başa,
göy qurşağı yerdəki yağışların buxarlanmaq həvəsidi,
ölüb yüz yol dirilsəm də həminkidi adamlar...
Daha ölüm də adiləşdi tifillərin gözündə...
Çiyinlərinizi dik tutub dayanın! —
Şudralar ayaqlarından doğular,
günahsızlar qollarından asılar... —
ayrılığın yenidən təkrarlanmasıdı günəşin doğuşu,
təbiətin hirsidi dağların yoxuşu...
Daha külək də səngiyib adiləşdi hamının gözündə...
17 İyul/2023
XXX
“Payız melanxoliyası”
Yenə bu payız vahiməsi –
sevgilərin vəcdə gəldiyi dünəndən bu günə
suya atılmış güzgü hədiyyəsi qalıb xatirələrə...
Baxışlarından şitənən dəniz dalğaları
daha su yığınından başqa bir şeyi xatırlatmaz,
indi göydəki ulduzlar işıq salır unudulmayacaq
bütün keçmişlərə...
İndi axtardığım səadət kitablardakı həyatlarda,
parkın skamyalarında yağış döymüş
yarpaqlarda saralır...
Daha sənə bənzəyən bütün rənglər Günəşin axşam qürubundan
qızılı rəngə çalan buludlarda qaranlığa dönür.
Eh nəysə, bu payızda tək yarpaqlar tapdanmadı
ayaqlar altında...
(2024)
XXX
***
Gözlərindəki kinin alın yazısıdı Günəşdən
ölümə sarı sürünən kölgələr...
Sözlərimdən didilmiş ürəyindəki xal
silinməyən paslı bıçaq sıyrıntısıdı...
Əllərində, səsində yaşamağın qançırı,
saçlarında pərişan ömrün vahiməsi var hələ...
Səhərlər göylərə günahlar buxarlanmamış,
ay batmamış, ulduzlar gecəylə barışmamış,
körpə göz yaşlarında torpağa sancılar
darıxmağının hönkürtüsü...
Daha sabahı yox bu eşqin -
qalır indi, səni duyğuların çiynində
taleyin ümidinə buraxmaq,
səadəti bulanmış həyatın bağrına basmaq...
...bundan sonra kəpənəklərin ömrünə yarınmaq
daha səni qazanmaq yox,
itirmək bəhanəsidi,
əbədi görməmək həvəsidi...(!)
2024
XXX
"Qar melodiyası"
Qışın adamdarıxdıran gecəsindən
qar daman pəncərəsinə uzanır səhərlər,
ölümə qısılıram xəyalbasan,
qara yarınmış gecənin soyuq əlindən...
Yayın ürəkyandıran gündüzündə
əllərim səyirdi səndən,
...qar yağır indi,
ayrılığımızın birinci qışıdı,
veyil olub başı batan yaşıdı...
Hər gün səni yada salmaq var üzüsoyuğa,
yenə qarışdırmaq var səninlə kimsəni...
və hələ də o yaydan bu qışa uşağam,
qəlbisoyuq, həyatıyalın...
...ağacdan qar yağan gecədə
qar yağır başımıza,
bədbəxt başımıza,
bəxtəvər başımıza...
Hara, hansı ara, hansı uzaqda,
hansı xarabada unudum ki səni?!
hansı qızın öpüşlərində, səsində
təzələyim yaddaşımı(?)
Torpaqdan göyə qar yağır,
qar rəngindədi zehnimdəki sən,
...yerdə, göydə qar,
yer də, göy də ağ,
səni unutmağa bir bax?! –
gəlinlik rəngində
kəfənə bürünmək...(!)
2025
Hiç yorum yok