ADS

Əlfəcin

Rəşad Nağı Mustafadan seçmə şeirlər

 


Canım üçün, yaxşıyam


Anamın doğmalığı atamın yadlığını

ört-basdır edəndə anladım ki,

insan ancaq Tanrısız yaşaya bilməz.

Sənsiz də yaşamaq olurmuş, qadası.

Misal üçün, məni səhər yuxudan oyadan da var,

axşam "evə tez gəl" deyən də.

Gör bir necə varlığı qoymuşam yoxluğuna,

Özünü yüksəklikdən atıb intihar edən

                 gəncin cəsarətinə and olsun ki,

daha yıxılmıram sənin boşluğuna.

Yaxşıyam, canım üçün, yaxşıyam.

Elə sən də yaxşısan, qadası.

Mənim olmadığım yerlərdə

xoşbəxtlik var, bilirəm.

Elə sənin olduğun yer kimi,

80-ci illər kimi.

Bir də ki, səni təzədən sevməyə nə var.

Özün də yaxşı bilirsən,

Bilirsən ki,

əlimin çatmadığı yerə ürəyim çatırsa,

əlçatmaz deyilsən.

Özün də yaxşı bilirsən.



***

Pərvi Arifə ithaf


Nədən qorxursan axı?

Ölümdür də

- bir gün hamı dadacaq.

Yaxamızdan yapışıb

anamızı ağladacaq.

Ölümdür də…

Gələndə

bir anamızdan, bir də

sevdiyimiz qadından çıxıb gedəcəyik.

Üçdə üç,

yeddidə yeddi,

qırxda da qırx nəfərin

           yadından çıxıb gedəcəyik.

Bu Yer kürəsi bizə də qalmayacaq;

öləcəyik.

Cəmi bir dəfə anamız

           namaz üstündə olmayacaq;

öləcəyik.

İnsan unutqandır,

bir gün hamı nəfəs almağı unudub ölür;

Bir az da həyasızdır,

hərdən də yaşamağın üzünə qayıdıb ölür.

Yaxşı olardı,

bir şirin yuxuyla başımızı qatıb, durmamaq.

Dünən bir kardioloq da bu haqda danışırdı;

dünyanın ən yaxşı ölümü imiş

                       yatıb-durmamaq.

Şair, ölümnən qorxma, qorxma, sən Allah.

Mən də qorxmuram, hərdən əlimi açıb

deyirəm ki:

"Canını almağa məndən yaxşısın

                       tapan deyilsən, Allah".


***

Müharibə başlayıb... 

Nəbatat bağındayam.

Hava yaman soyuqdu, özüm də bir az xəstə.

Heyf, evdən çıxanda papaq da qoymamışam

Anam elə bilir ki, ölüm ayağındayam.

Müharibə başlayıb... Nəbatat bağındayam...


Mən səni gözləyirəm....

Eləcə dayanmışam Eldar şamının altda

Gör e, adam adında ağaclar var həyatda

Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə də,

bu ağacın adaşı Şuşada şəhid olur.


Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən vətən səninçün nədi?

Bax, indi dediklərim hamısı bəhanədi:


Anamın olduğu yer, atamın yatdığı yer,

bir də sən hardasansa ora mənə vətəndi.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndi.


Mən də mütləq öləcəm, elə Eldar şamı da,

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

bir də əziz şəhidlər ölmür, başına dönüm

Məni bərk qucaqlama, axı atan deyiləm

Məndən barıt qoxusu gəlmir, başına dönüm.


Hər şeyə baxmayaraq

yenə də məni sevmək

çox xoşuna gəldisə,

dua et, ayrılmayaq,

duadan yaxşı nə var

ürəyin gözəldisə...


***

“Qış parkı”

 

Qırılar qanadın, qırılar qolun,

Uçma, qurban olum, sən hələ xamsan.

Mən yazan şeirdən düşdüsə yolun,

Bəxtəvər adamsan, xoşbəxt adamsan.

Mənə lazım deyil sənin “sağ ol”un,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Quşların uçmağı aldadır səni,

Onlarda adətdir, səndə həvəsdir.

 

Qanadın buluddan böyük deyilsə,

Kədərin Uhuddan böyük deyilsə,

Lap böyük olsa da, qorxma, mən varam.

Sənin gəlişinə aşiq olmuşam.

Vurulmaq bir dəfə olur, bilirsən,

Bir də gedişinə vurulammaram.

 

Uçma, qurban olum, sən hələ xamsan.

Uçsan da, unutma, yerdə mən varam.

Qırılsa qanadın, yansa qanadın,

Yerə bərk düşməyə səni qoymaram.

 

Sən yaxşı adamsan, yaxşı adamsan.

Atam deyilsən ki, qəfil öləsən.

Əlini qaşığın altına tutub

Anam deyilsən ki, yemək verəsən.

 

Eybi yox, mənimçün nar dənələmə,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Səni Qış parkında gözləyəcəyəm,

Tələsdir özünü, mənə tələsdir…


***

“Biz uşaq olanda…”


Biz uşaq olanda belə deyildi

Hamını, hər şeyi sevə bilirdik

Ağzımızdan çıxan güllə səsinə

Yumub gözümüzü ölə bilirdik

Biz elə ölümü belə bilirdik


Böyüdük nənələr, babalar öldü

Böyüdük doğmalar, əzizlər öldü

Böyük ürəklilər, təmizlər öldü


Biz uşaq olanda belə deyildik

Ağlasaq üzümüz təmiz olardı

Qışıqırıb ağlamaq çağırış idi

Böyüdük ağlamaq yalvarış oldu

Biz uşaq olanda bahardı hər gün

Nə tez soyuq düşdü, nə tez qış oldu


Biz uşaq olanda Allah babaydı

Onu da bir quru ada çevirdik

Ən böyük doğmanı yada çevirdik

Böyüdük sevgimiz qorxuya döndü

Biz axı Allahı baba sevirdik


***

Sən yaxşı adamsan, yaxşı adamsan.

Bircə olmayaydı tez unutmağın,

Bircə olmayaydı atıb getməyin,

Bircə olmayaydı qayıtmamağın.


Say gör neçə oldu fələk saymamış,

Qatdala o incə barmaqlarını,

Qat ora üzüksüz barmağını da,

"Bircə"lər yığılıb üç oldu, gülüm,

"Bircə"lər yığılıb dağ oldu, gülüm.

Çıxıb getməyinə bir söz demirəm,

Məni unutmağın ağ oldu, gülüm.


Sən yaxşı adamsan, yaxşı adamsan,

Sən yaxşı adamsan, başına dönüm.

Hiç yorum yok