Bəxtiyar Firuzədən seçmə şeirlər
BİR DƏ GETMƏ
Sən gələnə qədər rənglər yox idi...
Kommunistlər pambıq oğurlayırdılar tarlalardan.
Yorğun pişiklər,
səsi batmış itlər dolaşırdı
Leninin şalvarının qabağı dik duran heykəlinin yanında...
Fəsillərin dəyişdiyini durnaların səsindən anlayırdım onda...
Sən gələnə qədər
anbara çevrilən məsciddə
nimdaş mundirlərin,
deşik çəkmələrin içində
siçanlar oynaşırdı...
Ən böyük təsəllim
nənəmin heç vaxt kirlənməyən önlüyü idi onda...
Gəldin...
qırmızıayaq göyərçinin qanadında gəldin...
üstümə rənglər axışdı sanki
nənəmin önlüyündən qaçan rənglər...
Sevda doldu gözlərimə,
Özünlə Dərbəndi, Təbrizi gətirdin sanki...
Səni and verirəm,
qanadını toz basmış kəpənəklərin,
qonmağa yer tapmayan quşların xətrinə....
Bir də getmə... getmə!
XXX
KÖLGƏM-RUHUMUN ƏKSİ
Fikrim – qərib belidi,
yurdsuzluqdan əyilib.
Şadlığım – gəlin donu,
bircə dəfə geyilib.
Sevdam – ölüm şərqisi,
gələcəkdən səslənir.
Kölgəm – ruhumun əksi,
ayaq altda gizlənir.
Qəmim – içimə enən
Dəli vulkan boğazı.
Qəlbim saf duyğu adlı
Əlil qullar ağası.
Həyat – sevimli girdab,
içi zəliylə dolu.
Yolum – ölümə gedən
bir vəfalı qul yolu.
Zaman tikandan iti,
yaman girir gözümə.
Varlığım yurda dərddi,
Tənhalığım özümə.
XXX
Üç gün deyil sən gedəli…
Üç gün deyil sən gedəli,
ayağımı yerə basa bilmirəm,
əlim tutmur heç nəyi…
Söndürüb bütün işıqları
Divarların üstümə gəlməyinə baxıram.
Heyva ətri gəlir dünyadan,
saralıb hər yer…
Heç səs-küy də gəlmir
bu bəzəkli avtomobillər şəhərindən.
Boş gedib-gəlir rəngi soluxmuş metro qatarları
Üç gün deyil sən gedəli,
bədənimi bürüyüb
Murovdan yadigar qalan ağrılar…
Xeyli də sınıxmışam.
Heç üç gün deyil… üçcə gün…
Adamlıqdan çıxmışam…
***
Gözəllərdən sorma məni,
üzümü heç görmədilər.
Ağacların kölgəsində yalqız-yalqız
quyruq qısıb, gözün döyən
köpəklərə de adımı,
tanıyarlar…
ulartımı
çox dinlədilər…
Əllərimdən tutma belə
əllərim at ayağıdı
qabar-qabar…
ürəyimə yaxın gəlmə
qırmızı cəllad otağıdı
cadar-cadar…
İşıqlı yerlərdə işığım yoxdu
səhərlərə ümidim…
Qara qınaq topuyam mən,
oynamağa həvəslənmə!
Hamı kimi bir gün sən də
qınama ki, demədim.
***
Şeydi…
Onu deyəcəkdim axı…
Bir yaşa gəldikdən sonra
ağrıkəsicilər ağrı verir adama.
Kəklikotu çayı təzyiqi salmır…
Görürsən, duyursan hər şeyi
amma heç nə yadında qalmır…
Hər şey qurama olur… qurama
Şeydi…
Onu deyəcəkdim axı…
Bir yaşa gəldikdən sonra
durub hamıya arsız-arsız sevgidən danışırsan,
uzun-uzadı…
Axırda da ”yoxdu” deyirsən…
Görürsən, amma korsan,
Eşidirsən, amma karsan,
Yeriyirsən, amma nə fayda?..
Belə qəribə olursan… qəribə…
“Tiran Edib”ə baxıb gülürsən,
Cem Yılmaza baxıb ağlayırsan…
Gül alırsan, verəcək biri yox,
Ulduzları sayırsan
yadına düşənin yox…
Belə qəribə olursan… qəribə…
Şeydi…
Onu deyəcəkdim axı…
Bir yaşa gəldikdən sonra
bütün şəhərin uyuyub daşa dönən vaxtında
yatağa söykənib kəpənək qanadı kimi əsirsən…
Baxırsan yanında heç kim yoxdu
getməyə tələsirsən…
***
Səndən yaman küsmüşəm
Hey yuxuda görmüşəm, oyanmışam ki, yoxsan,
Süst qalıb heykəl kimi dayanmışam ki, yoxsan,
Sənsiz neynim sevinci? Yayınmışam ki, yoxsan,
Sən məni gəzməsən də, mən səni hey gəzmişəm,
Səndən yaman küsmüşəm.
Eşqimi çiçək kimi dəstələyib, dərmisən,
Qəlbinə sancmamışdan ayaq alta sərmisən,
Səndən ürək ummuşam, sənsə əzab vermisən,
Daha xəyalınla da haqq-salamı kəsmişəm,
Səndən yaman küsmüşəm.
Qəm yazdın taleyinə, qədərinə sevginin,
Sənsiz necə dönüm mən sipərinə sevginin?
Bolluca qəmlərinə, kədərinə sevginin,
Sən insansan dözmədin, mən dağammış dözmüşəm.
Səndən yaman küsmüşəm.
Gözlərimə görünüb ilğım kimi yox oldun,
Səndəmi bəd taleyin tərəfinə yıxıldın?
Məndən nə tez bezikib yad ünvana yığıldın?
Demək sənin üçün mən duyğusuz bir kəsmişəm
Səndən yaman küsmüşəm,
Səndən yaman küsmüşəm.
Hiç yorum yok