Xəzər Süleymanlıdan seçmə şeirlər
XXX
Ağlıma gəlməyən başıma gəldi.
Bəlkə biz bu işə bir əlac qılaq?
Görüşüb ayrılmaq xoşuma gəldi,
Gəl yenə görüşək, yenə ayrılaq...
Gəl yenə görüşək, bir sevgi istə,
Saxta gülüşlərlə, saxta baxışla,
Yenə də adi bir səhvimin üstə,
De ki, mən gedirəm, məni bağışla...
Mən də razılaşım, susum - lal kimi,
İzləsin qəm dolu baxışım səni.
Cavabı olmayan bir sual kimi,
Gələndən, gedəndən soruşum səni...
Kaş mənim yanımda qalaydın, ya da,
Nə bilim, başqa bir yolu seçəydin...
Ürəyin belə çox yanırdısa da,
Aramızdan keçən suyu içəydin...
XXX
Deyirlər, sən artıq çox dəyişmisən...
Əvvəlki adamdan əsər də yoxdur.
Deyirlər, tanınmaz hala düşmüsən,
Hardasan, necəsən, xəbər də yoxdur!
Deyirlər, küsmüsən bəxtə, qismətə,
Qırışıb üz-gözün, ağarıb saçın,
Nəinki sevgiyə, saf məhəbbətə,
Bircə xoş sözə də var ehtiyacın...
Deyirlər, hər səhər əlin əsərək,
Köhnə bir şəkili öpüb gülürsən,
Ayağın tutulub qoca qarıtək,
Divardan yapışıb gəzə bilirsən...
Deyirlər, bir sənsən, bir də boş otaq,
Təkliyə qapılıb fikirləşirsən,
Kiminsə adını sayıqlayaraq,
Özündən çıxırsan, əsəbiləşirsən...
Deyirlər, ilk görüş yerindən hər gün,
Boş oturacağa baxıb keçirsən
Gözünün yaşını gizlətmək üçün,
Əlini üzünə sıxıb keçirsən...
Deyirlər, yalandan gülürsən üzdə,
Ürəyin kədərə bürünür yenə,
Hər gecə qaranlıq həyətinizdə,
Bir kişi kölgəsi görünür yenə...
XXX
Yoxluğun çətindir mənə əzizim.
Bəlkə qayıdasan...? Düşün dərindən.
Bir məktub yazıram sənə, əzizim,
Ayrılıq gününün ilk səhərindən.
Bu evdə hələ də var ayaq izin,
Otaqdan-otağa aparır məni.
Daraqda saçların, güzgüdə üzün,
Mən necə bir yerə toplayım səni?
Ümidim əriyir daha get-gedə,
Qəlbimin küncünə qısılıb qalıb.
Sənin ən sevdiyin köynəyimdə də,
Saçının bir teli asılıb qalıb...
Gözüm bir nöqtəyə baxır anbaan,
Diqqət et, gör hardan-hara gəlmisən?
Ən uzun cümləyə sığmayan adam -
Kiçik bir nöqtəyə sığa bilmisən...
Gedənə ağlamaq qəribə işdir.
Gülümsə, gələndə... Ağla, gedəndə...
Səndən də heç gözüm su içməmişdi,
Bu qədər göz yaşı hardandı məndə?
XXX
Yuxumu gözümdən oğurlayan qız,
Ağ günə çıxdımı qara gözlərin?
Elə ağladım ki, arxanca sənin,
Yuyuldu yollardan ayaq izlərin...
Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə rahat yatırsan...
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?
Qayıtmaz o günlər, bilirəm indi.
Qoyardın başını, sinəmə hərdən.
Gecəni ikiyə bölürəm indi,
O yanında sən yat, bu yanında mən...
XXX
Mən indi beləyəm ilin hər günü,
Qaranlıq adamı, gecə adamı.
Mən indi bir az da içki düşkünü,
Mən indi bir az da küçə adamı...
Kaş sənə hər şeyi danışa bilsəm,
Mənə məskən olub soyuq səkilər.
Mən indi səninlə üz-üzə gəlsəm,
Gözümdən gözünə yuxu tökülər...
Bilsəm ki, sonunda lap ölüm də var,
Dərdə də düşmərəm sonuma çıxsan.
Hələ bir yalandan təsəllim də var,
Mənim bu günümdə yaxşı ki, yoxsan...
Hiç yorum yok