ADS

Əlfəcin

Günel Mövluddan seçmə şeirlər

 

Səndən sonra atam öldü xərçəngdən

Qardaşlarım həbs edildi, ikisi...

Səndən sonra uşaq doğdum qürbətdə

Heç üzümü güldürmədi birisi


Səndən sonra Mövlud öldü, dinmədim

Səndən sonra dindirmirdi heç məni

Səndən sonra didərginəm vətəndən

Hələ neçə ölkə qalıb köçməli?


Səndən sonra ingiliscə öyrəndim

Bir azca da kökəlmişəm, on kilo.

"Xalq düşməni" deyir mənə qohumlar

Anam deyib: "Mənim qızım deyil o!"


Roman yazdım, bu yaxında çıxacaq

Gözlərimin kənarları qırışıb

Son zamanlar heç düzələ bilmirəm

Başağrısı diş dərdinə qarışıb...


Hey gülürəm sən yadıma düşəndə

Ürəkgetmən, gecə itdən qorxmağın

Bilirəm ki, darıxmırsan mənimçün

Kim neynəsin mənim kimi axmağı?


Şəkillərdən görürəm ki, yaxşısan

Yerindədir sağlamlığın, səhhətin?

Solmayıb ki, gözlərinin yaşılı?

Sınmayıb ki, hələ qəddin-qamətin?


Qurban olum, sən özünə yaxşı bax

Ağartmasın saçlarını acılar

Gözəl dostum, sən qocalma, qorxuram!

Səndə mənim cavanlığım qocalır!



           XXX


Nə gözəl öldürdü sevdiklərimiz,

Düşmənə dayanan yerlərimizdən?

İlanlar sürünüb tərk etdi bizi,

Quşlar yoxa çıxdı göylərimizdən...


Almasın yemədən Cənnətdən qaçan

Həvvalar ağladı sol yanımızda

Ümidlər pis yordu ürəyimizi,

Boğuldu qəlbimiz öz qanımızda.


Dizinə yatmağa ana tapmadıq,

Umduq təsəllini uşağımızdan.

Gecə duasıtək nə ürkək-ürkək

Qopdu pıçıltılar dodağımızdan:


- Ah, mənim ölümüm, nə gözəl idin...


           XXX


Sən mənə

üzümü sinənə,

başımı çiyninə

söykəmək üçün gərək deyildin ki...


Sən mənə 

acı dərman udanda

çırpınaraq axtardığım

bir qurtum suya

oxşadığın üçün gərək idin...



           XXX


Bütün paltarlarımda ayrıldım səndən,

Qara donumda,

yaşıl şərfimdə,

qəhvəyi gödəkcəmdə...

getmədim heç birində.


Bütün paytaxtların saatlarında gözlədim səni,

Bakı, Tiflis, İstanbul, Praqa, Oslo...

gəlmədin heç birində.


Bütün bədən üzvlərimlə incidim səndən,

Öpmədiyin dodaqlarımla,

Toxunmadığın sinəmlə,

Sıxmadığın belimlə...

bilmədin heç birini.


Bütün dünyanın boynuna yüklədim kədərini

meşə yanğınlarına,

quruyan çaylara,

əriyən buzlara,

Rusiya-Ukrayna müharibəsinə...

heç biri ağır olmadı qəddarlığından.


İndi 

atom fəlakətindən əvvəlki 

okean səthi qədər sakitəm.

Bir azdan 

nəhəng və zəhərli bir göbələk peyda olacaq üzümdə...



           XXX




Yastığımdakı ilan


Salam, şair, darıxıram, bu təklik -

Yenə məni üzüyumşaq tanıdı.

Yenə payız, yenə soyuq, yenə mən,

Yenə yerim sobaların yanıdı.

 

Hələ sənə demədiyim bir gerçək,

Hələ sənə açmadığım yalan var.

Düz bir ildi yuxu yata bilmirəm,

Qorxuram ki, yastığımda ilan var.

 

Ağ tük tapdım arasından saçımın,

Qoparmadım, saxlamışam, çoxalsın.

Otuz ildə cavan qalıb, neynədim?

Canı çıxsın, saçlarımın, qocalsın.

 

Gəl, bir gün oturaq qədəh-qədəhə,

Görək, göz yaşından nə qalır, şair?

İçimdə ən məsum mələklər ölür,

Ən gözəl qadınlar qocalır, şair!



           XXX


30 yaşımın şeiri


İndi mənim başıma

Od ələnən yaşımdı

Söykənib bir divara

Güllələnən yaşımdı.

 

Sərxoş oyanmalıyam

Özgə yataqlarında

Özümü asmalıyam

Otel otaqlarında

 

Bir sevgili uduzub

Dost itirən yaşdayam

Gecə küçədən evə

it gətirən yaşdayam

 

Mənsə hər səhər evdən

Yorğun, əzik çıxıram

Ayaqqabım narahat

Əynim nazik çıxıram.

 

Boğazımı göynədən

Qəhər yox, soyuq olur

İt yerinə əlimdə 

Bir buzlu toyuq olur…

Hiç yorum yok