ADS

Əlfəcin

Sabir Rüstəmxanlı – Seçmə şeirlər

 

GƏLİR


Başımıza nə gəlirsə

Sevincdən, ya ahdan gəlir.

Ayrılıq şeytan işidi,

Sevgimiz Allahdan gəlir.

 

Yediyimiz onun malı,

Getdiyimiz onun yolu,

Biz məzlumlar qanun qulu,

Qanunsuzluq şahdan gəlir.

 

Bir meyvə var dərəcəyi,

Bir qapı var girəcəyi,

İnsanın hər girəcəyi

Etdiyi günahdan gəlir. 



***


BOYASIZ MİSRALAR


Taxıl bir sapın üstə

dən tutub sünbül olur.


Ləçəklər bir-birinə

sarılaraq gül olur.


Əsintilər birləşib

rüzgar olur, yel olur.


Bulaqlar bir məcrada

qovuşanda sel olur.


Kəlmə kəlmə dalınca

düzüləndə dil olur.


Barmaqlar bir pəncədə

birləşəndə əl olur.


İnsanlar bir qədəri

paylaşanda el olur.


Millət şərə əyilsə

alışmadan kül olur.



***


"Sən elə bilirdin"


Ayrılıb getmisәn, kimdir tәsәllin?

Yüyürsәn, arxamca çatarmı әlin?

Mәn sәni bu qәdәr uzaq bilmәzdim,

Mәn sәni bu qәdәr yazıq bilmәzdim…


Sәn elә bilirdin, ölәrәm sәnsiz,

Diz çöküb sәdәqә dilәrәm sәnsiz.

Deyirdin, qәlbimә yol tapan olmaz,

Yenә dә qarşına gәlәrәm sәnsiz.


Nә sәn birincisәn, nә mәn birinci,

Tapılar yenidәn ömrün sevinci.

Dönmәrәm, qürurum əyilməz dәrdә,

Sәnә dağ çәkәrәm, sevərəm bir də!


***


ÜRƏK YERİNƏ


Səni Allahımın əlindən alıb

Asaram sinəmdən ürək yerinə.

Bu eşq soyumasın deyərəm heç vaxt

Yazsan günahımı mələk yerinə…


Mənim nəfəsinə ehtiyacım var,

Əssin dan yerindən külək yerinə

Dolsun gözlərimə Ay işığı tək

Qoxlayım sübhədək çiçək yerinə…


Yanğımı soyudan sərin suyumsan,

Ya da bərəkətim – çörək yerinə,

Daha taleyindən danışma mənə,

Toxunma qəlbimin kövrək yerinə!



***


SUAL

 

Bəkə də dünyada mən yoxam artıq,

Qarışıb payıza uçub getmişəm.

Sahibsiz adımdır ortada qalan,

Özümsə xəlvətcə köçüb getmişəm. 

 

Sən adda adam da yaşamır bəlkə,

Özündən yadigar qoyub bu səsi,

Verdiyi əzabı unutdurmağa,

Beş-on söz eşidim sevgi əvəzi. 

 

Bəlkə də bu özü də bir aldanışdır,

Bəlkə gördüyüm də yuxudur elə.

Çoxdan itirdiyim nəğmələrimi, 

Tale başqasına oxudu elə. 

 

Könlümdə əbədi gəncliyin odu,

Bəs həsrət deyərək çağlayan nədir?

Yoxsansa, yoxluğun sevgisi olmaz,

Varsansa, bəs yolu bağlayan nədir?

Hiç yorum yok