Jalə İsmayıl – Seçmə şeirlər
Xoşbəxt günlərimə
Ölümdən yox, anamdan qorxan vaxtlarımdı
Tanrı üçün yox, bəndəyçün darıxan yaşımdı
At belindəyəm.
Xoşbəxtliyimdən ölürəm.
Babamın gec açılan darvazaya söyməsi ləzzət eləyir.
"Arxda çimməyi çıxaran ölsün” -
nənəm qarğış tökür.
Mən – şəhər uşağı bu palçıqlı arxdan çıxmıram.
Amma hədələrindən qorxuram.
Birdən anama desə?
Ərikdən asılmış yelləncək ancaq mənimdi.
Qalxdıqca qalxıram.
Yıxılmaqdan,
sınmaqdan,
ölməkdən qorxmuram.
Hələ ağlıma gəlmir ki, yelləncək –
Tanrıya çatmaq üçün insanın növbəti cəhdi.
"Yuxarı, bir az da yuxarı” qışqırıram
məni yelləyən qüvvətli qollara.
"Eheeey” qışqırıram buludlu yollara.
Qalxmaq hər zaman gözəl...
Çox sonralar biləcəm ki,
bəndələr gələr.
Heç olmasa yuxuya.
Heç olmasa şəkilləri qalar yadigar.
Nənəm kimi, babam kimi.
Bol-bol xatirələri.
Tanrı nə yuxuya gələr,
nə şəkil çəkdirər,
nə də xatirə saxlar özündən sonra.
Onun həsrəti bitməz.
O gəlməz və getməz.
Amma bu günlərə - Tanrıyçün darıxmağa,
ölümdən qorxmağa çox var.
Hələ ki, ölümdən yox, anamdan qorxan vaxtlarımdı.
Tanrı üçün yox, bəndəyçün darıxan yaşımdı.
Mən xoşbəxtəm hələ...
***
Yağış kəs, yağış kəs...
Neçə min damlayla çimib
Pakdan da pak olan
o illərin ən gözəl sədası
gəlir qulaqlarıma
hər yağış yağanda.
"Mən anamın ilkiyəm
Yağış, kəs, yağış kəs…
Ağzı qara tülküyəm
Yağış kəs, yağış kəs…”
Əlimi nə vaxtdı
tutmuşam
yanaqlarımın altına…
Yağış kəs, yağış kəs…
Mən yenə də
anamın ilkiyəm axı,
Tanrım, unutdun yoxsa?
Yaşıma-başıma,
"ölüm ver” yalvarışıma,
səndən, ondan qaçışıma
fikir vermə,
hesab elə
körpəyəm hələ.
Yağış kəsən kimi
gizləndiyi yerdən çıxıb
göyqurşağının ardınca
dünya boyu yüyürməyə,
qəhqəhə çəkib gülməyə,
bir kəpənək uçuşuna
onun qədər sevinməyə
hazır,
məsum bir körpəyəm…
"Yağış kəs, yağış kəs…”
***
Olmadın...
Yuyub təmizlədi məni
Sevib əzizlədi məni
Hamıdan gizlədi məni
Bu yağışcan da olmadın...
Hər gecə qoynunu açan
Ağladım, boynumu qucan
Sevindim, havada uçan
Bu balışcan da olmadın
Yarıymış bütöv bildiyim
Turş daddı şirin yediyim
Sonadək qoşa getdiyim
O tanışcan da olmadın...
***
Məhkəmə
Yenə məhkəmə olacaq.
Yenə göz yaşlarım
yurd-yuvalarından
çölə atılıblar.
Müttəhimlər kürsüsündə yenə sənsən,
bu dəfə danış barı.
Şahidlər – yenə bir cüt əlim,
bir cüt yanaq,
bir də tualet divarları…
***
Təsəlli
Bir gün
məni adamlıqdan çıxaran
bu darıxmağı boğub öldürəcəm.
Polis gəlib çatmamış
qaçıb gedəcəm,
ölümün qapısını döyəcəm:
- Gəldim. Çoxmu darıxmışdın mənimçün?
O da qaşlarını çatıb:
- Sən kimsən ki? – deyəcək,
mən də ölüb yerə girəcəm...
"Ölümə belə lazım deyiləmmiş...” - düşünəcəm.
Onun da ürəyi ağrıyacaq mənə,
boynumu qucaqlayıb könlümü alacaq:
- Heç bir Allah bəndəsi üçün belə
darıxmadım - deyəcək.
Ağlaya-ağlaya sevinəcəm mən də...
...Bilirəm, bu belə olacaq...
Hiç yorum yok