ADS

Əlfəcin

"Quşların damından binalar uçub gedib..." - Tərlan Əbilov

 

Ayaqlarımda uzun bir yol addımlayır, 

ayaqlarımdan yuxu kimi tökülür həmin yol.

Evimin qapı kimi çırpıldığı çöldə

küləyin aşmış şəklidi kölgəm...

Meyvəsindən tökülən ağaclardan 

payız düzəltməklə məşğulam gecənin çöl vaxtında.

Bir qayıqda bir göl üzür,

bir göldə bir qayıq,

aydın olur ki, suda bir tava qovurmadı ulduzlar.

Bir çəngəl yox Ayı tutam,

bir bıçaq yox Aydan bir tikə kəsəm.

İşıqlar pəncərə-pəncərə sönür evimizdəki çöldən.

Vətənimizdən biz,

bizdən vətənimiz görünmür...

Arvadım deyir, "ev deyil ki, cəhənnəmdi, cəhənnəm".

Qızım əlində bir ovuc dən

ağlaya-aylaya mənə səslənir:

-Ata, quşların damından binalar uçub gedib...

Nə ayaqlarım qayıdır, nə yol,

yarpaq-yarpaq tökülürəm tavandan...

Hiç yorum yok