Cavid Qasımovdan seçmə şeirlər
***
Yoldan ötrü çəkdiyi ahdan
Sinəsinə tikiş vuruldu ayaqqabının.
Bağ bildiyin
Səriştəsiz cərrah sapıdır.
Yarasının açılacağı yer
Qapı-qapıdır...
Necə düyünləsən də
Həmişə kəpənək alınır.
Yalançı qanadlarıyla
Haçansa uçacağına inanır.
Dəymə kəpənəyin qanadlarına,
Yolu diksindirməsin
Qanad səsi...
***
Əlləri günəş suyuna çəkilmiş adam,
Fəhlə əlcəkləri dünyanın hər yerində eyni rəngdədir.
Harada olsan,
Səni tanıya bilərəm
Günəş əllərindən,
Şəfəq-şəfəq uzanan barmaqlarından,
Gözlərinin altında içi suyla dolan qara qayıqlardan.
Əsl əlcək havanın soyuqluğundan deyil,
ailənin dağılmamasından ötrü taxılır ilin hər fəslində.
İlin hər fəslində ehtiyac üşüdür…
Sərhədləri aşa bilmirsənsə,
Ürəyini sıxma,
Dünyanın hər yerində eyni rəngdədir
Çörək,
Günəş,
Əlcək…
***
Qəfəs necədirsə,
İçindəki quş elə danışar,
Kəsik-kəsik, doğram-doğram.
Elə də eşidər,
Kəsik-kəsik, doğram-doğram.
Özümü eşidirəm
Uzaqdan çox uzaqdan.
Sən necə?
Kəsik-kəsik doğram-doğram?
***
Ağırdır çox ağırdır,
Ölümü sevirsənsə,
Boynuna keçirdiyin
Kəndir də boyunbağıdır.
Sevin,
Dabanlarında kətilin
Öpüş izi qalar.
Qapını açanda
Tanrıya de,
Yaşamaqdan gəlirəm.
***
Günlərin birində
bir dilim boyat çörəyin üstündə
dişin minaya düşəndə biləcəksən ki,
müharibə müharibədən sonra başlayır.
Günlərin birində
boz-boz binaların yerində
ağaclar görünəcək qolu yelləncəkli,
üzü qırışlı
səndən cavan, yarpaqlarından yaşlı.
Günlərin birində biləcəksən ki,
kişinin yanağından öpən silah
qadına naməhrəm sayılır.
Müharibə müharibədən sonra başlayır.
***
Anası polislərin əlində,
Bir-iki söz dedi qaraçı dilində,
Qaçdı Benyamin.
Hara gedəcəyini bilmədiyindən,
Öz dilində qaçdı.
Yolu soruşmadı ilişdiyi ayaqlardan.
Qara qəpikdən də tez itdi gözdən.
Arxasınca düşən qorxunun
Üzünə çırpdı ayaqqabısının bir tayını.
Qaçdı Benyamin qaçdı
***
O gün yadımdadır, qarışqalar da,
Yeraltı bahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki,
Arılar nahardan qayıdırdılar.
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara...
O gün yadımdadır, yarasalardan,
Gecənin qanını götürürdülər.
Hə, hə...
Yadımdadır çarpayısında,
uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim,
Gecəni yatmayan səfil dostuma.
O gün yadımdadır, işıqforların,
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin,
Kimsəsiz bir uşaq qucaqlamışdı.
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında...
O gün yadımdadır, dostum gəlmədi,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən,
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itgin düşmüş ata evində...
O gün yadımdadır, ağaclar hələ,
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə,
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim,
Meyvədən xəbərsiz əlağacından...
O gün yadımdadır, xatırlayıram
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram,
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
- Yadımda deyil...
Hiç yorum yok