ADS

Əlfəcin

Qulu Ağsəsdən seçmə şeirlər

 

***

Canım-gözüm, şükür de ki,

Ölsən də başın üstdəki –

Pəmbə buluddu, daş deyil…


Sevməyi var, sancmağı var

Baxma hərdən uçmağı var –

Ürək yuvadı, quş deyil…


Neynəyərəm görən sənsiz?!

Ha istədim öləm sənsiz –

Baxdım ki, mənlik iş deyil…


Bu da mənim baxtımdandı,

Gözüm tanrı taxtındadı –

Onun da yeri boş deyil…



***

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı… fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

nə qədər imkan var rahatlan, uyu…


Qəflətən bir çağa salar hay-həşir

Səhər – körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı.


Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş? Körpəsi hanı?

… Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən… Yandır özünü…



***

Çox da salıb dünyanı eynəyim gözdən - noolar

Ağız suyuyla bitir dodaqda söz də - noolar...


Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,

Dörd tərəfin köpəksə, demək, mühafizən var...


Yer tərpənir - tərpənsin, sallanarsan budaqdan

Bir də gördün əl edir kimsə sənə uzaqdan...


Nə lazım, uzaqbaşı bircə otağın ola

Gecənin bir yarısı qəfil qonağın ola...


Sevəsən bu gəlişi başdan-ayağa kimi

Küsdürəndə ağlaya qoynunda çağa kimi...


Gedəndə könlünü də yalvar-yapış apara

Gün görməmiş dərisin gün çıxmamış apara...


...Gedə, bir də qapından əcəl girəndə gələ

Günəş xəstə dünyaya şüa verəndə gələ...



***

Allaha baxmasaydım,

girməzdin yuxuma da!

Torpaq kimi soyuyur -

ən isti, yaxın adam...


Harda itib - batmısan,

hayına çağır gəlim.

Toyuna çağırmadın,

vayına çağır gəlim...


De, necə tapım səni,

nə mərdəm, nə ov iti.

Sənin izin, ünvanın

mənim axırım itib.


Bəlkə veriblər səni

Tanrının yaddaşına?

Mən sənə söz tapşırım,

sən də öz adaşına:


Nə olar, ayırmasın

de, ikimizdən məni!

Getdin?.. sənə yaxşı yol,

gəlməsən, gözlə məni...



***

Bu dünyada heç kəsə demədim...

O dünyada soruşsalar:

sən kimsən? –

gözümü yumub, ağzımı açacam!

Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam...



***

İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

Allahın yanına gedirəm

ürəyinə ayrı şey gətirmə,

Borclunun qapısın döyərlər:

Yeganə borclu qaldığım

əvəzini vermədən aldığım

son nəfəsdən özgə

kimsəni qapıma yaxın qoyma.

Bir də

ta uşaq deyilsən

burnunun suyunu

gözündən axıdan

bu faniyə uyma…

Hiç yorum yok