Həsən Lütfidən seçmə şeirlər
XXX
"Getdin, demədim, qaldı, gülüm, söz ürəyimdə,
Hər söz dönüb oldu, elə bil, köz ürəyimdə."*
Getdin, gedişin köksümə saplandı bıçaqtək,
Sızlar hələ də bir qanayan iz ürəyimdə.
Məlhəm qoyalar bağrıma cənnət çiçəyindən,
Hicran yarasın sənsiz önərməz ürəyim də.
Ey incə pəri, sən mənim ömrümdən uçandan
Dünyam uçulub, dağlar olub düz ürəyimdə.
Daşlar əriyər ahıma, ah etmirəm ancaq,
Daş səbrim ilə "döz" deyirəm öz ürəyimdə.
Bir yerdə söz, ey sevgili, hüsnündən açılsa,
Yüz mürgüləmiş arzu açar göz ürəyimdə.
Getdinsə də rüzgarlı saçın, güllü donunla
Yaz qaldın ömürlük, gözəlim, güz ürəyimdə.
Sevda qəmi can mülkümə hakim kəsiləndən
Dünya qəmi, ey Lütfi, çöküb diz ürəyimdə!
*Mətlə (ilk beyt) şair Ənvər Nəzərlinindir.
XXX
Candan yaxınım, hansı uzaqlardasan indi?
Yellər yetirər, yaz, necəsən, hardasan indi?
Qoynumda yerin boş, günəşim, sən gəl, o dolsun,
Boynumda çələng ay işığı qolların olsun.
Quşlar yuva qurduqları mövsümdə, baharım,
Sevda yuvamız uçdu nədən, sevgili yarım?
Qalxanda muradım şaha, sandım, qanad açdı,
Əfsus, yıxıldım yerə, mən qaçdım, o qaçdı...
Qəm pəncərəsindən nə zaman yollara baxsan,
Xatırla səninçün darıxan qəlbi darıxsan...
Bir bax, sizin eyvanı sarıb sarmaşıq, ey gül,
Eynən bürüyüb köksümü eşqin, yada sal, gül.
Şəhlayi gözün, görmə rəva, şehlənə yaşla,
Hər tazə günə tazə bir ilham ilə başla.
Həsrət gözümü az qalır artıq duman alsın,
Süzgünbaxış, üzgünmə, görüş məhşərə qalsın.
XXX
Küçənizdə dayanmışam dalğın bir söyüd kimi,
yorğun bir çay kimi önümdən insanlar axır.
Küçənizə qürub çökür, ürəyimə qürub qəmi...
Günəş ətəyini yığır yer üzündən ağır-ağır...
Keçəcəyin yoldan xeyli uzaqda səni gözləyirəm,
çünki söz vermişəm yolunda bitməməyə,
səni incitməməyə.
Müqəyyəd olmasaydım, səni görcək
qaranlıqda işıq görmüş kəpənəktək
sənə sarı uçardım,
qollarımı açardım,
eşqimin kəməndiylə sıxardım səni köksümə
möhkəm-möhkəm...
Səni gözləyirəm, sevdicəyim,
ürəyim səndən nigaran,
gözlərim üzünə ac...
Sevincimin ürək döyüntüsüdür ayaq səsin.
Gəl, saçınla ətirlənmiş yellər gəlişini müjdələsin,
gəl, qoparım xatirimdən keçmişin möhrünü,
ah çəkim, dağılsın tozu xatirələrin...
Bir xəzan yarpağı qondu çiynimə.
Çiynimə əl qoyub çinar bir dost sayağı.
Dağ təmkiniylə, yarpaq diliylə
təsəlli verməyə çalışır üstümdə əsərək
altında səbrimin sovrulduğun görüb.
Görəsən bar verərmi niyyətimiz?
Səni gözləyirəm, yaxa çiçəyim,
gözləyirəm varlığımı sezdirməyəcək şəkildə,
gözləyirəm yerimdə daşlaşaraq, heykəlləşərək.
Sən də bütün heykəllər kimi qəribsən dünyada,
mənim incə qəlbli daş məhəbbətim...
XXX
Sənətin sərhədsizliyi
Qızıl qumsalında dolaşmadığımız,
sərin sahilində ocaq çatıb söhbətləşdiyimiz,
lilpar ləpələriylə ləpirlərimizi pozmamış
Aralıq dənizi
nə qədər uzaqda olsa belə
öz meyxoş ətriylə məst edə bilər bizi,
bizi ovsunlaya bilər öz mavi sehriylə
bir flamenko ifasında,
notlar dünyasında...
XXX
Getdin, ey gül, məni atəşlərə yaxdın, getdin,
Evin abad, könül mülkümü yıxdın, getdin.
Anadan sürməli gözlərlə, gözəl ceyranım,
Bir duruxdun, geri döndün, mənə baxdın, getdin.
Mənə arxanca baxıb yaşlar axıtmaq qaldı,
Nəzərimdən ki, bir ulduz kimi axdın, getdin.
Yaralanmış bir ürək, nurun itirmiş iki göz,
Min-min öksüz dilək ardında buraxdın, getdin.
Bu məhəbbət nağılın, ah, niyə qoydun yarıda?
Pərilərtək niyə birdən yoxa çıxdın, getdin?
Mən ki, səssiz gecələrtək qaradinməz biriyəm,
Varmadın məndə yatan sirrə, darıxdın, getdin.
Lütfi, axır nəfəsində o gülün yaylığını
Bir əziz xatirətək köksünə sıxdın, getdin.
Hiç yorum yok