Mir Kamildən seçmə şeirlər
XXX
İlahi, şükür bu qıza,
Onun gözlərinə,
Özgə bir rəng qatılmayan sudan duru sözlərinə...
İlahi, şükür bu qıza,
Onun gülüşünə,
Mənə sarı yeriyəndə, ruhunun qaçışına,
Təmənnasız baxışına...
İlahi, şükür bu qıza,
Onun körpə əllərinə,
Daim məndən sığal uman tellərinə,
Pəncərənin qabağında böyütdüyü güllərinə...
İlahi, şükür bu qıza,
Onun duasına,
Səsinə-sədasına,
Əhdinə, vəfasına...
Ürəyimin daş bağlayan yerlərini əridən həyasına...
İlahi, şükür bu qıza,
Gül ətirli saçlarının hörgüsünə,
Darağına, güzgüsünə,
Sadəlik sevgisinə...
Şükür, İlahi, şükür bu qıza...
XXX
***
Get birdəfəlik, qalma yolundan, olan oldu,
Bu ayrılığın qəhrini çəkmək mənə qaldı.
Ağlım günahı səndə görür, qəlbim özümdə,
Ayrılmağımız, söylə, kimin üstünə qaldı?!
Sənsizlik ağır dərddi, məni məndən oğurlar,
Aldın məni məndən, geriyə məndə nə qaldı?
Hər gün giley etdim, niyə getdin deyə, hər gün,
Səndən mənə ancaq deyinən boş çənə qaldı.
Səndən mənə qəm qaldı, ələm qaldı bir aləm,
Bir qəmli vida məktubu məndən sənə qaldı.
İnsanı ümidmiş yaşadan, məndə də hərçənd
Hər şey aradan getdi, ümid bir dənə qaldı.
Yarım yuxuda, mən küçədə, pəncərə bağlı,
Heyf, arzu gözümdə, daş əlimdə yenə qaldı.
Yollar qısa, yollar uzun... Gedirsən...
Addım-addım nəyisə tərk edirsən,
Nə bir dinclik, nə rahatlıq güdürsən,
Bilirsən ki, bu yol sənə özəldi,
Yoldasansa, yıxılmaq da gözəldi...
Gördün, yola getmirsən bu həyatla,
Görməzdən gəl, bir az otur, rahatla,
Çöküb qalma dəqiqəylə, saatla,
Sakitləşmək qalxmaq üçün bir əldi,
Yoldasansa, yıxılmaq da gözəldi.
Bacarasan yaşamağı, ölməyi,
Öyrənəsən ağlamağı, gülməyi,
Düşünəsən keçmişi, gələcəyi,
Düşüncəylə uzun yollar gödəldi,
Yoldasansa, yıxılmaq da gözəldi.
Yoldan qabaq danışmısan, sus indi,
Diqqət kəsil, ürəyini pus indi,
Yadırğama, duyduğun ÖZ səsindi,
Qənimət bil, ürəyinə nə gəldi,
Qulaq asmaq danışmaqdan gözəldi...
XXX
***
Gözəlim, tut əllərimdən, sən ilahi qismətimsən,
Sən özümlə xəlvətimsən, Yaradanla söhbətimsən,
Ürəyimdə ərköyüncə gəzən arzu-niyyətimsən,
Əzəli məhəbbətimsən, əbədi səadətimsən,
Baharüzlü cənnətimsən.
Nə qədər ki, arzumuz var - yaşayaq gərək səninlə,
Yağışa düşək bir axşam, o ki var gəzək səninlə,
Gecədən bir əlçim ulduz əl atıb üzək səninlə,
Düzəlincə bir bilərzik ipə nur düzək səninlə,
Bəzənər bəzək səninlə!
Bizi bir yerə, əzizim, gətirib bir ali qüvvə,
Olub ani bir baxışma böyük eşqə bir bünövrə,
Nə qəribə işdi, birdən öz olur səninçün özgə...
Ay özüm, gülüşlərinlə canıma məhəbbət üflə,
Nə desən, deyim baş üstə.
Mənə bax əlin çənəndə, əriyim baxışlarında,
Görünür işıqlı ruhun duru davranışlarında,
Duyulur ədası Şərqin şalının naxışlarında,
Güc alar əlim əlindən sabahın təlaşlarında,
Həyatın savaşlarında.
XXX
***
Bir ovucluq ürəkdə bir dünyalıq ümid var,
Nə qədər ki, nəfəs var, olmalısan ümidvar.
Görünən, görünməyən hər nə ki, var, sənindi,
Heç rəvamı heç nəyim yoxdu deyəsən indi?!
Təklik bataqlığında boğulmağın yerinə
Yaşamaqçün bəs edər tutunasan birinə.
Burax bütün işləri taleyin axarına,
Axır bu çətinliyin çıxarsan axırına.
Bir nəfər bir nəfərə, əlbəttə, bəs eləyər,
Evə yorğun gələrsən, gəl, çay süzmüşəm, deyər.
Sən çayını içərsən, o gününü danışar,
Danışdığı hər sözə könlün bir nəğmə qoşar.
Nə gərək öz yuvandan bezib cana doyasan,
Yerlə yetinməyəsən, göylərə göz qoyasan?!
Qoyasan sevdiyinin başına ulduz tacı?!
Yox, əsl xoşbəxtliyin yox buna ehtiyacı.
Axtarma səadəti qəlizlikdə, çətində,
Zövqü dünyaya dəyər sadə bir söhbətin də.
XXX
***
Qara gəldi ruzigarım, qucağından ayrı düşdüm.
O qızıl şəfəqli gündən – yanağından ayrı düşdüm.
Damağımda dadı qaldı, dodağından ayrı düşdüm.
Bizi ayrı saldı dünya...
Axı mən nə bir qəribəm, nə uzaq bir eldə sürgün,
Elə öz içimdə sənsiz yaşaram mən üzgün-üzgün.
Adını unutmuşam mən, gedənin daha gedən gün,
Bir adı olur da – Leyla.
Qalan öz qəmiylə məşğul, gedən öz yolunda məmnun,
Qalanın həyatı durğun, gedənin həyatı coşqun.
Gedənə desəm də Leyla, nə öz adım oldu Məcnun,
Nə bizim məhəllə səhra.
Soyuyub məhəbbətimdən, daha qaynayıb-qarışmaz
Üz-üzə mənimlə gəlsə, ürəyin açıb danışmaz.
Bilirəm ki, o vəfasız, elə bərk küsüb, barışmaz.
Nəsə var ümidim amma...
XXX
***
Simit sata-sata dolanan dayı,
Qaçırmı üstünə uşaqlar evdə?
Gülürmü üzünə həyat yoldaşın?
Bütün gün durursan "Maqomayev"də.
Sən toxluq satırsan ac adamlara,
Özün heç yeyirsən öz nabatından?
Üzündə gülüş var, gözündə kədər,
Sən Allah, razısan öz həyatından?
Düşmüsən evindən qaçaq, ay dayı,
Qaçaqlar olurlar qoçaq, ay dayı.
Çatılan qaşınla çəkirsən hərdən
Dərdlərin üstünə bıçaq, ay dayı.
Nə çiyin vermisən həyat yükünə...
Belini bükməsin bu tale payı.
Bir dünya səadət istərəm sənə,
Özümə bir isti simit, ay dayı.
Hiç yorum yok