Esmira Məhiqızıdan seçmə şeirlər
Seir.az Esmira Məhiqızının seçmə şeirlərini təqdim edir:
ağac necə unudursa köhnə yarpaqlarını,
eləcə unudulur hamı...
***
necə anlatsam,
nə cür anlatsam,
nə təhər anlatsam, bilmirəm.
dilləmi,
əlləmi,
gözləmi
ya susmaqlamı.
sussam,
əlim susacaq,
dilim susacaq,
gözlərim susacaq...
danışmağa heç nəyim olmayacaq.
aaaaaa...a,
mən nə qədər sus yeriyəm?
hər yerimdən susuram üzdə,
amma...
içimdə
əlim də bağırır,
dilim də,
gözlərim də...
gözlərimi eşidirsiniz?
***
ağacın üşüyən sevda yanından
bir yaşıl qoxu əsdi
üstümə-üstümə.
bir yaşıl külək susdu,
bir yaşıl yağış dindi...
susdular,
dindilər
qəsdimə-qəsdimə.
ağacın son yaz qoxusu
nə cür qoxuydu ki,
necə qoxuydu ki,
bütün payız şəkillərində
bir sarı not kimi düşdü...
sonra da ah kimi qarışdı
tüstümə-tüstümə.
ağacın üşüyən sevda tərəfindən...
hər payız o yaşıl qoxu
bir sarı həsrət tək
yüyürür
üstümə-üstümə.
***
balıqlar uça bilirdi,
ağaclar qaça bilirdi,
gecələr aça bilirdi,
dünya qəmdən əvvəl idi.
hələ yara yamamırdım,
varı-yoxu unamırdım,
tellərimi sanamırdım,
hələ dəndən əvvəl idi.
külək əsəndən sonraydı,
ağlım kəsəndən sonraydı,
nəsə... o səndən sonraydı,
nəsə məndən əvvəl idi.
***
üşüyəndə...
bilmirsən hansı əllərini qızdırasan,
qaçanda...
bilmirsən hansı ayaqlarla yüyürəsən,
baxanda....
gözlərin aldadır səni,
bilmirsən hansı gözünlə baxırsan
ya...
bəlkə də bu sən deyilsən,
düşünürsən…
sonra da içində o məşum ahhhh:
- bütün yerlərimdə yoxam.
gülmədiyin gülüşlər qonar dodaqlarına,
baxmadığın baxışlar enər gözlərinə.
sən özünü getmədiyin yerlərdə görərsən
hər gecə uyuduğunda.
uyumaq deyərsən də...
amma uyumazsan.
səhəri dirigözlü açarsan.
və...
yenə də
içində olmadığın günlər keçər ömründən...
***
bir də baxırsan ki,
gün də rənginə düşmür,
hava da rənginə düşmür,
sən də öz rənginə düşmürsən.
bilmirsən də...
nəyin rənginə düşürsən,
ya rənginə düşən nə.
bax onda...
hər şeyi rəngsiz düşünürsən.
bir də baxırsan ki,
gözünün quruduğu yerdən,
səsin nəm çəkir.
barmaqlarının ucunda
üşüyən təmaslar
dəm çəkir,
qəm çəkir.
durub qaranlıqların üstünə yüyürürsən
doğman kimi,
sanki qaranlıqlara səni qan çəkir.
və ağ qaraya,
getmək gəlməyə,
danışmaq susmağa,
insan insana bölünür.
bir də baxırsan,
elə gözəlsən ki,
səni heç kim görmür.
***
heç bilirsən səndən sonra nə qədər,
qəm ayları,
kəm ayları başladı?
neçə-neçə,
çeşid-çeşid,
növbənöv
sənsizliyin sən ayları başladı.
sonra belə ürəyimin tellərin
bir-bir qırdı ağrılar,
elə qırdı,
içimdəki qırıqların
sızım-sızım,
cızım-cızım
ninniləri, nanayları başladı.
çətirimin altında yağış yağdı selləmə,
elə yağdı,
belə yağdı,
çilə çəkdi gözlərim.
solğunluqda,
qırğınlıqda
bir ağlağan gülə çəkdi gözlərim.
heç bilmədim necə çəkdi,
niyə çəkdi gözlərim,
ki, sonra da bir ömürün
nəm ayları başladı.
sonra da ki...
hər gün gecə seansında,
divarda - xatirəmin kinoları başladı.
***
heç sən də bilmədin
bu dərd dediyin
ömrünə-gününə
nə sayaq gəlir.
bu qəm üşüməsi
şaxtadan betər,
İlahi, qəmlərdən nə soyuq gəlir.
Qatar yolları da bağlanıb daha,
o kəndə getməyə,
bir su yolu var,
o da ki, anamın gözündən keçir.
Mən gedim, deyəndə,
o su yoluyla
ortası deşilmiş bir qayıq gəlir.
Gecələr deyirəm, xəbəriniz yox,
yuxular gözümə
həp oyaq gəlir.
***
əllərimin qürbətindən əsir gecə küləyi...
gözlərimin qürbətinə qərib yağır yağışlar.
bilmirəm ki,
bu yağışda necə keçir təkliyim,
necə keçir səssizliyim,
axı necə keçir ki...
hər tərəfdən ürəyimə gəlib yağır yağışlar.
gəlib dəyir ürəyimdə bir yerlər var oraya...
heç özüm də bilmirəm ki, nə yerlərdi o yerlər,
nə göylərdi o göylər.
amma onu bilirəm ki,
bir yerlərdə unudulub doğmalıq,
o doğmalar indi olub ögeylər.
və nədir ki, tel-tel olur misralar,
sətirlərə dən düşür.
varla-yoxun arasına cızıq çəkir qələm də,
bir cızqıdan iki tale, iki ömür tən düşür.
nə işdi ki, yarpaqların arasından öləziyən işıqlar,
haçan gəlib gözlərimə düşürsə,
o işığın əsməsindən gözlərimə nəm düşür.
bənövşənin bəndinə bax, bəndinə,
gör ey kimin qollarına kim düşür.
saçlarımın bəyazından əsir gecə küləyi...
küləkləyir, küləkləyir gecələr.
addımlarım nəsə yazır asfalta,
addımımı hərf-hərf
höccələyir küçələr.
yaş divara söykənirəm...
divarların filmindən,
dil çıxarıb,
göz süzdürüb,
bir balaca qız düşür.
elə bu vaxt
kimsə çəkir şəklimi,
şəkil yenə boz düşür,
və şəkildə bu qadının yerinə,
iki damla söz düşür.
***
atam qəfildən öldü.
anam çay süzmüşdü
pürrəngi.
əli havada qaldı,
heç çaya çatmadı.
çay buğlanırdı,
atam ölürdü.
gözləri axdı,
armudu stəkandan
sürüşdü, düşdü.
atamın gözləri düşdü harasa.
sonra
atamın üzünə pürrəngi
ipək atdılar.
yanvar ayıydı...
mən bir küncdə,
atam ortalıqda,
atamın çayı stolun üstündəydi.
baxdım ki, atamın çayı üşüyür.
***
açmır oralarda o vaxtdan bəri...
heç açmır,
heç açmır novruzgülləri.
yanıb o çöl-çəmən,
o çöl-çəmənə daha səpələnmir
bahar çiçəkləri,
o yaz gülləri.
üşüyə-üşüyə gəlir, bə gəlir...
soyuq heyyyy
bu ömrə
gəlir də, gəliiiir,
yüz ilin qışını bir günə gəlir,
gəlir sazaqların ayaz günləri.
istidə arasam, sərini yoxdu,
getsəm dərininə, dərini yoxdu,
bir başqa gedəsi yerimi yoxdu,
neynirəm bu qədər dayaz günləri.
bir Bəyaz varıydı, uşaqlıq dostum,
evləri məktəbin yanında idi.
indi axtarıram tapa bilmirəm,
qalmışam...
evləri hayanda idi...
nənəm də yoxdu ki, tutam əlindən
axtaraq bir yerdə Bəyazgilləri.
yollar da, evlər də elə dəyişib,
bilmirəm, yolların hansısı gedir,
gedir uşaqlığa, Bəyazgillərə.
bir kəsə yol vardı, Kəhriz tərəfdə,
o yolda o qədər qarğı çapardım,
o yolda o qədər beşdaş tapardım-
o yol da düz gedib bizə çıxardı,
bizə deyəndə ki...
uşaqlıqdakı o qızgillərə.
nədəndi,
nədəndi,
axı nədəndi...
nə bizim yol durur,
nə Bəyazgilin,
nə də uşaqlığın,
nə də yazgilin...
sanki uşaqlıqdan sonrakı yollar,
hamısı gedirmiş payızgillərə.
Hiç yorum yok