ADS

Əlfəcin

"Nicat Hunalp - 30"

 

Söykən çomağına, eloğlu


Taleyin yazılıb bu çölə, düzə,

Bəxtin dəyənəyə, çomağa düşüb.

Hay-haray salmısan köçü Arana,

Gah yolun yaylağa, gah dağa düşüb


Söykən çomağına, söykən, eloğlu,

Quşgözü seyr elə bu çölü, düzü

Görən kim ağladıb bu buludları,

Göyün ayağını yerdən kim üzüb...?


Səni də sabaha tez çıxaracaq,

Qoyunlu yuxular, yunlu yuxular.

Hələ ki, üyüdür dərdimizi də,

Dəyirman yuxular, unlu yuxular...


Bu qaşqa təkələr, bu azman qoçlar,

Hələ ac saxlamaz, tox saxlar bizi.

Birdən göy otlara yuxu satarıq,

Çəpişlər, quzular soraqlar bizi.


Uzat ayağını bu çöl düzündə,

Birazca ayağın dinc qalsın belə,

Çomaq qorxusu var qoyunun canında,

Ölmək qorxusu var gözündə hələ...


Söykən çomağına, söykən, eloğlu,

Dərdini qoyuna, quzuya denən.

Dişinin dibində sıx, saxla hələ,

Dərdini Tanrılı yazıya denən!


Ovut kədərini çöllərdə ovut,

Qurut köynəyini buludun üstə.

Açıb qollarını göylərə sarı,

Uzan bu Tanrılı göy otun üstə,

Söykən çomağına, söykən, eloğlu.

Dayan bu qarğıdan boz atın üstə,

Söykən çomağına, söykən, eloğlu!


***

Qara çadır dastanı


"Bu qara çadır mənə borc olsun", - dedi Alp Aruz


Gəlmişəm sözümü dinlə, ay dədə,

Min ildir ruhumda gör nələr yatır.

Oğuzun başına bəla gətirdi,

O qara qovurma, o qara çadır.


Buyruğu beləydi Bayandur xanın,

Üç çadır qurulsun ağ, qızıl, qara,

Ağrısı getməyib həmin yurtanın,

O çadır Oğuzun qəlbində yara.


Küsəndə obadan, eldən Alp Aruz,

Dış Oğuz, İç Oğuz oldular düşman.

Alma tək içindən oyuldu Oğuz,

Axırda Oğuzu tutdu həmin qan.


Həmin qan Oğuzu yuxuya verdi,

Həmin qan Oğuzu daşa çevirdi.

Tanrı qara yazdı bəxtin Oğuzun,

Tanrı baharını qışa çevirdi.


İndi haqqı deyim, mən haqqı, Dədə,

Tutalım kökümüz lap qurddan gəlir,

Bizim başımıza gələn bəlalar,

Elə sən Dədəmiz Qorquddan gəlir!


Tanrı yazmayırmı taleyi, bəxti?

Tanrı vermir məgər oğulu, qızı?

Bəs niyə sındırdı bəy qürurunu,

Ulu xan babamız o Alp Aruzun...?


Tutdu gözümüzü o qarğış, o ah,

Babamız etdiyi səhv tutdu bizi.

Neçə il ulu xalq, bəy xalq, sultan xalq,

Deyə-deyə, babam, ovutdun bizi.


Züryətsiz olmağı günahı deyil,

Tanrının Aruza yazan yazıydı.

O vaxtdan bu yurdda bütün sonsuzlar,

Talecə, qismətcə Alp Aruzuydu.


Onlar da qınandı eldə, obada,

Oğulsuz dedilər, qızsız dedilər.

Toya çağırmayın uğursuzluqdu,

Sən Allah yan elə, sonsuz dedilər.


İçində göynədi yarası, Dədəm,

Kimsə nə çəkirdi Aruz, bilmədi.

Uçmağa vardı da, qəbri də itdi,

Qara çadırdakı Aruz ölmədi.


Daşıdı içində sonsuzluq dərdin,

Min ildir yerində daşlaşıb qalır.

Baybican, Bəybura, Qılbaş, Alp Aruz,

O qara qovurma, o qara çadır.


***

Bayquş kədəri


Həmin yay gecəsi dərd üstəmiydi?

Dərdini danışsın deyə gəlmişdi.

İlahi, gilənar budağı üstə,

Oturan o bayquş nəyə gəlmişdi?


Taleyin əlində başı qovğada,

Nə yeri verdilər, nə göyü ona.

Xaraba yerlərə yazıldı bəxti,

Tanrı da qıymadı bir öyü ona.


O gün nə düşmüşdü yadına görən,

Yarasın beləcə nə tərpətmişdi?

Gecənin yarısı dərdin bölməyə,

Qapımı bayquşa kim göstərmişdi?


Tanrı qonağıydı, Tanrı qonağı,

O bayquş görəsən nəyə gəlmişdi,

Bir kəlmə demədi, heç danışmadı,

Bəlkə də Tanrıydı, hələ kim bilir?

Öldümmü? Sağammı ? - deyə gəlmişdi.



***

Ölüm kədərliydi o axşam çağı


Ölüm kədərliydi o axşam çağı,

Ölüm qoxuyurdu evin hər yanı.

Atamın saatı, anamın şalı,

Babam tüstülədən son siqarı da,

Nənəm düyünçəyə yığıb aparıb.


Ölüm kədərliydi o axşam çağı,

Gecənin ən yalqız, ən kürən vaxtı.

Nənəm hazırlaşır burdan köçməyə,

Xalam gözlərini divara dikmiş,

Anam qayçı gəzir kəfən biçməyə.


Ölüm kədərliydi o axşam çağı,

Hələ onda bildim otuz yaşımda,

Adam nənədən də yetim qalarmış,

Hələ də gözümün önündən getmir,

Taleyin üzünə çəkdiyi qırış...


Ölüm kədərliydi o axşam çağı;

Sən getdin saçından düşən bircə tel,

Yorğanın üstündə evsiz üşüyür,

Sən getdin bir yolluq pəncərəndə gül,

Otağın darıxıb sənsiz üşüyür.


Ölüm kədərliydi o axşam çağı,

Boynuma asdığım kərgədan dişi,

Fikrimdə yas tutub sənə bir şaman,

Diksindim gördüm ki, papaqlı kişi,

Məzarın üstündə oxuyur Quran.



Ölüm kədərliydi o axşam çağı,

Tənha məzarlığın ən axırında,

Özümlə danışdım başdaşın üstə

Sənə gətirdiyim nərgizgülünün,

Solan çiçəkləri məzarın üstə.

Ruhumu bürüyüb qaranlıq kölgə,

Yorğun addımlarım yol alır öyə,

Gecələr ölülər danışır bəlkə,

Şəkillər daşlardan baxırlar göyə.

Hiç yorum yok