ADS

Əlfəcin

Əli Şirin Şükürlü – Şeirlər

 

***

alın yazısına sığmaz

alın yazısından kənarda

axtarar insan taleyini

alın yazısından kənarda

yaşamaq 

sevmək

ölmək

istər

yəqin 

hələ bu vaxta qədər

heç kəs axıra kimi

sevə bilməyib öz taleyini

qadınım

danılmazım

talesizliyim mənim

səni necə çox sevdiyimi

unutmamısan ki?



***

qəribə şirinliyi olur

gözləməyin də.

fərqi yox;

kim olur olsun,

neçə il əvvəl gözlədiyim kimi

gözləyirəm yenə də.

dayanacaqlarda

əyləyən avtobuslarda

və ya

açılıb - örtülən metro qapılarındakı

ümid eyni,

neçə il əvvəl olduğu kimi.

məndə dayanmayan adamların

sən olmadığına sevinirəm, doğrusu.

bir söz deyim incimə,

açığı:

fərq etməz

daha gəlməsən də,

həsrətin nə gözəl olduğunu

anladım

səni gözləyəndə.



***

doqquz il həbs kəsdilər

çox sevdiyim

adama

üzünü görmədiyi

beş aylıq körpəsi

var

axşamçağı

nə gözəlsən 

parkda

rastıma çıxan

yarısı qırmızı

yarısı sarı çiçək

iftar süfrəsinə

oturublar adamlar

mənsə

dayanmışam sənin qarşında

bəlkə

dua eləyəsən o zavallıyçın

Allah daha tez eşidər səni

dilini bilmədiyim

yarısı qırmızı

yarısı sarı

çiçək

axşamçağı

mənə səndən doğması yox

bu şəhərdə

bəlkə

səndən gözəli yox

bəlkə

məndən dəlisi yox 

axşamçağı

bu şəhərdə

adını bilmədiyim

yarısı qırmızı

yarısı sarı

çiçək

adını bilmədiyim

dilini bilmədiyim

yarısı qırmızı

yarısı sarı

çiçək

axşamçağı nə gözəlsən

bütün günü ağrıdığım

bu şəhərdə.

Hiç yorum yok

⇧