Ülkər Hüseynlinin “Sevgi” kitabının təqdimatı keçirilib
1 oktyabr 2026-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şair-publisist Ülkər Hüseynlinin sayca üçüncü kitabı olan “Sevgi”nin təqdimatı keçirilib.
Seir.az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın təqdimatına şair və yazıçılar, ziyalılar, gənclər, tələbələr, müəllifin dostları, məktəb və tələbəlik yoldaşları, eləcə də kitabxananın əməkdaşları qatılıblar.
Tədbirin təşkilatçılığını şair, yazıçı-publisist Aysel Fikrət həyata keçirib. Görüşü Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəbnəm Babaşova idarə edib, texniki təminata isə Oxuculara xidmət şöbəsinin müdiri Günel Babayeva cavabdeh olub.
Təqdimat zamanı Ülkər Hüseynlinin iş və tələbəlik yoldaşları, eləcə də tələbəsi müəlliflə bağlı xatirələrini bölüşüb, onun yaradıcılığı barədə fikirlərini səsləndiriblər. Ardınca qiraətçi Samirə Bayramova şairin şeirlərindən birini səsləndirib.
Təqdimatın davamında Ülkər Hüseynlinin “Sevgi” kitabından seçdiyi şeirlər səsləndirilib. Müəllif həmçinin nəşrin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb və təqdimatın təşkilində iştirak edən hər kəsə minnətdarlığını çatdırıb.
Görüşün yekununda Mərkəzi Kitabxananın direktoru Nərmin Xəlilova Ülkər Hüseynlinin yaradıcılığını yüksək qiymətləndirib. O, müəllifin yaradıcılığı ilə tanışlıqdan məmnunluğunu ifadə edərək “Sevgi” kitabının kitabxananın oxucu auditoriyası üçün dəyərli nəşrlərdən biri olacağına diqqət çəkib.
Hiç yorum yok