ADS

Əlfəcin

“İtmiş not” kitabının təqdimatı və imza günü keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə deklamasiyaçı Müşfiqə Baləddinqızının ilk şeirlər kitabı – “İtmiş not”un təqdimat və imza günü keçirilib.

Seir.Az xəbər verir ki, Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında baş tutan tədbir şair Aysel Xanlarqızının moderatorluğu ilə təşkil olunub. Qeyd edək ki, Aysel Xanlarqızı həmçinin kitabın redaktorudur. “İtmiş not” kitabı “VEKTOR” Beynəlxalq Nəşrlər Evində nəşr olunub.

Təqdimatda çıxış edən qonaqlar Müşfiqə Baləddinqızının poeziyaya bağlılığından və yaradıcılıq fəaliyyətindən söz açaraq onun şeirlərini yüksək qiymətləndiriblər.

Tədbirdə bədii qiraət ustasının çoxsaylı dinləyiciləri ilə yanaşı, şeirsevərlər və tanınmış ədəbiyyat nümayəndələri də iştirak ediblər. Onların arasında şairlər Sabir Rüstəmxanlı, Əkbər Qoşalı, Qulu Ağsəs, Aysel Fikrət, Aysel Nəsirzadə, Xəyalə Sevil və başqaları yer alıblar.

Tədbir zamanı təqdim olunan qiraət nümunələri və musiqi nömrələri görüşə xüsusi ovqat qatıb. Sonda müəllif oxucuları üçün kitablarını imzalayıb.

 
Foto: "FS Press"

Hiç yorum yok