ADS

Əlfəcin

Samir Nihan – Şeirlər

 


Qara gözlərimi axtaracaqsan


Çox sakit bir ömür yaşayırdım mən,

Gəlişin hər şeyi tamam dəyişdi.

Gözümdə qəm yoxdu, saçımdasa dən,

Dünən qəmsiz gəzən adam dəyişdi.


Gah filim seçirdim, gah musiqilər

Dinləyib başımı qatırdım hər gün.

Fikir də çəkmirdim günüm xoş idi

Saat 10 olmamış yatırdım hər gün.


Zamanı özümçün nizamlamışdım

Gündəlik yaşamım yormurdu məni

Kimisə dərdimə şərik qoşmurdum

Halim ilə bağlı sormurdu məni.


İndi fikirlərim qatmaqarışdı

Özümə zamanım belə qalmayıb

Həsrətin günümü zəhər eyləyib

Sabaha gümanım belə qalmayıb.


Neynirdim mən səni, ey uğursuzum?

Səninlə bu ömür bahar görmədi.

Nə sevgi göstərdin, nə də nəvaziş

Saçlarım əlindən tumar görmədi.


Sən yara olmusan, yar olmamısan,

Bu ürək səninçün oyuncaq deyil.

Planla qururdum bütün işimi,

İndi dolaşıram mən veyil-veyil.


Dəyişdin gözümdə baxışlarımı

Yaxşı da pis kimi görünür indi.

Sən elə təkliyə öyrətdin məni

Kölgəm arxam ilə sürünür indi.


Sən özün getsən də xayalın qalıb

Məni tək incidən xatirələrdir.

Bəlkə də o qədər sualın qalıb

Deyirsən qayıtsam yenə sevərdir?


O bağda çiçəklər soldu mənimçün

Mən solan çiçəyə su çiləmərəm.

Qürurum sevgimdən üstündür mənə

Sevsəm də geriyə gəlsin demərəm.


Bir şeyi bilirəm zaman ötdükcə

Mənim izlərimi axtaracaqsan.

Çox ayna önündə boylanıb,durub

Qara gözlərimi axtaracaqsan.


Beləcə bir ömür ötürəcəksən

Hər günün keçəcək belə nagüman

Bir zaman özünü itirəcəksən

Səni tapmayacaq bu qərib Nihan.


***

Canı Sağ Olsun


Mənim bu halıma gülənlər də var

Oduyla üstümə gələnlər də var

Nə olsun qədrimi bilənlər də var

Hər kim ki bilmirsə Canı sağ olsun.


Dost odur səsimə harayı gəlsin

Ağlasam ağlasın, güldümsə gülsün

Yolunu azanlar yola düzəlsin

Yenə düzəlmirsə Canı sağ olsun.


Kirpiyim ox olub gözümə batdı

Nadanlar yox olub, dost əl uzatdı

Adam var nə desə hey qaramatdı

Desəm gül gülmürsə Canı sağ olsun.


Çoxdu var dövlətin yükü dünyada

Hamı xoş yaşasın təki dünyada

Özündən gedənlər ta ki dünyada

Özünə gəlmirsə Canı sağ olsun.


***


Qələmim


Yenə vəsf eylə gözəllikləri tək-tək, Qələmim,

Ağ vərəq üstə danışdır sözü gerçək Qələmim


Mən bu fikrimdə olan sözləri çəkdim nizama,

Sən də dildən qoparıb ağ vərəqə çək, Qələmim.


Gözümün gördüyü çox şeyləri dil söyləmədi,

Səndə baş verdi buludlardakı şimşək, Qələmim.


Razı saldıq o qədər hər şeyə narazıları,

Söz çıxardıb sözümüzdən neçə təlxək Qələmim.


Yolun azmış biri Allah yoluna tutdu üzün,

Mən dedim bax belə sevdayə mübarək Qələmim


Heç kimə vermədi qəlbində yatan sirri Nihan,

Dedim artar yükümüz hər şeyi bilsək Qələmim.

Hiç yorum yok