Ramiz Rövşən – Dillər əzbəri şeirlər
İÇİNDƏN YIXILAR ADAM
Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından -
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.
Gülmə hər yıxılana,
atam balası, gülmə, -
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam...
***
DÜNYA
Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı…
Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.
Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.
***
DARIXIR
Bu nə təhər darıxmaqdı,
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.
Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim.
Evdə qalsam, evim-eşiyim.
Yol getsəm, yolum darıxır.
Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır.
Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır.
***
NƏ VAR ALLAHDAN YUXARI?
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı…
***
YAĞIŞ YAĞIR,GÜN QURUDUR
Bu yerləri bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.
Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.
***
ÖLMƏK
Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.
Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.
Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.
Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.
Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...
***
ÖZÜMÜ SEVƏ BİLMİRƏM
Üzümə qırışlar düşür,
üzümü sevə bilmirəm.
Bilmirəm, bu necə dərddi;
özümü sevə bilmirəm.
Haçan batdım günaha,
kim məni qarğışladı?
Yazdığım misralardan
deyəsən dərindi daha
alnımın qırışları.
Yola saldım gedənləri,
gələnlərdən xəbər yox.
Qabaqdan bir gecə gəlir,
arxasında səhər yox.
Yatıb qaldım, qapımızdan
ömür ötdü, gün ötdü.
İndən belə bircə qız da
ağlamaz məndən ötrü
Xəbərim yox, çöldə nə var…
Deyirlər ki, payızdı.
Dünya, səndən doydum daha,
Get, acları doyuzdur!..
Hansı damdan gəlir, Allah,
o mollanın əzanı?!.
Qoyma, məni aparacaq
bu payızın xəzanı.
Neçə dondan-dona düşdüm,
bu sonuncu donumdu.
Bu üz mənim son üzümdü,
bu üz mənim sonumdu.
Son nəfəsim dodağımdan uçanda,
bu üz mənim
özgə əllə yuyulası üzümdü.
Bir il-beş il bundan sonra, haçansa,
tabutuma qoyulası üzümdü.
Bu üz mənim son üzümdü
son günümün yiyəsi.
Bu dünyadan gedən üzün
nə yaxşısı, nə pisi?!.
…Bu qırışan üzümü
sevməyə də mənə güc ver, ilahi!
Bu sifətdə, bu görkəmdə özümü
sevməyə də mənə güc ver, ilahi!
İndən belə heç kəs məni sevməsə,
yenə güc ver, özümü sevə bilim.
Ağac öz son yarpağını sevəntək
bu qırışan üzümü sevə bilim.
Ölüm nədi?
Hamının son vətəni…
Son yarpağı qoparan son küləkdi.
Bu dünyada
sevgilərin çətini
Qocalıqda özümüzü sevməkdi…
Bəs sizin üçün şairin hansı şeirləri unudulmazdır? Rəydə bizimlə bölüşün.
Hiç yorum yok