ADS

Əlfəcin

Nazim Şah – Seçmə şeirlər

 

bir qadın sevdim

nə yaxındadır, nə uzaqda

sözləri küləkdə dağılan

tale quşu


əlimi uzatsam

toxuna bilmirəm

sanki ulduzlara çatmaq istəyirəm

amma axşam əllərimi alır

gecə dərdimlə ağır


yalnızlıq çökmüş

ağır sətirlər üstümə düşmüş

sevgi isə içindəki işıq kimi

incə bir oyun


***


Mən Modilyaninin qadınıyam

adım Janna -səssiz bir fırçanın

yaddaşıyam.

Boynum uzundur -sanki bir dua kimi

səssizliyim ipək kimidir

çəkinərək toxunarsan

amma soyudar səni

gözlərim boş deyil

onlar dərin bir quyu

baxan özünü orda

ya unudur


ya tapır

mən bir baxışda

yarım qalmış cümləyəm

çərçivə içində tutulmuşam

keçmişin səsiyəm

gələcəyin nəfəsiyəm

rənglər çəkilib kənara

amma ruhum hələ də burdadır

mən yaşamamış bir ömrün

kətanda gizlənən etirafıyam


***

səni sevmək – bir günah

dodaqlarımda yanan gizli dua kimi


səni sevməmək – min günah

ruhumda susuz qalan çöl kimi


birini seç desələr

mən yenə o yanğını seçərəm

çünki sənsiz həyat

yarım qalan dua kimidir


***

Hissiz sandığım gecələr kimidir xəstəlik.

Səssizlik ağırdır.

Zaman addım atmadan keçir,

kölgəmə baxır təkliyim.

Xərçəng bədənimdə dolaşır,

ruhumu yorur, gecələrimi oğurlayır.

Ulduzlar gözlərimi yandırır.

Amma heç kim görmür içimdəki boşluğu.


Duman yolumu gizlədir,

külək pəncərəmdən süzülür.

Özüm-özümə sarılıram.

Hər şey mənimlə danışır,

sözlərim səssiz qalır.

Gözlərimdə yuxusuz ulduzlar dolaşır.

Hər ağrı bir sükuta qarışır.

Gecə özünə çəkir məni,

yalnızlığın içində əriyirəm.

Qızım, təkcə səni düşünürəm.


***


Sənə baxanda

özümü xatılayıram -

sükutumu,

yarım qalmış cümlələrimi.

Ruh əkizimsən,

eyni ağrını daşıyırıq,

eşqi Tanrı sanırıq.

Sən hər gülümsəyəndə

içimdə bir yer sağalır.

Sən ağlayanda

mən yox oluram dumanda.

Biz bir sözün

iki... nəfəsiyik.


***


Gün doğumunda narıncı bir ümid...

Ümid – çay qaşığı boyda

...bircə damla...


Düşür və yayılır göy üzünə

Sübhün ilk qızartısında...

Gecənin yamağı qalıb hələ də

– öz rəngində...

amma... gecdir

doğan Gün hökmranlığı

bitən Zülmətdən alır...

Bir bax...

Sonsuz bir mavilik

Gör necə qollarını uzadır...


Sonra...

Sanki Zaman sürətlə itir

və o gün bir Antək yaşanır, bitir...

Küçə qara paltarını başına atır...

Bir ulduzsa göyüzündə

Sanki heç doğmamış kimi

parlamadan sönüb gedir...

Rənglər solur,

Zaman ötür.

Qalan bircə xatirələr...

Qaba, incə xatırələr...

Onlar da mənim bu toz basmış eynəyimdə

Gah sayrışır,

Gah oynaşır,

Gah da yatır...


***


Mələklər belə bezir

Havada yallı gedən

rənglərdən...


Bir xətt sınır, sınır, durur...

Başqa biri

gözlənilməz diksinişdən yarım qalır...

amma yenə o Kətanın üzərində

ağrı çəkən

bir Zamanın iniltisi

fəryad salır.

Kölgələr qaçışır burda

Ora-bura, ora-bura...

Sanki onlar belə hələ

Öz mənaların gəzir

Düşdükləri qaçdı-qovda ...


Amma yenə hər nöqtədə...

toxunuşda

bir boşluq var durur, durur

bir dibsizlikdir – ulayır...


Didilmiş fırça uçuşur...

Hər toxunuş

bir düşüncə qırıntısı...

Yer çəkimsiz...

Ayaqlar altda durmadan

Yuvarlanır, yuvarlanır...

Hər bir kəlmə, hər bir çalar

Bu rəssamın gözlərində

görünməyən,

bilinməyən sərt divarlara çırpılır...

Ora-bura,

orda-burda...

Bir də, bir də...

Və beləcə hər toxunuş,


Hər bir zərbə

Sirli, gizli, yeni bir aləm yaradır.

Kor rəssamın kətanında.


Hədəf yoxdur, görüntü var

Kiminçünsə anlaşılmaz bir mənzərə...

Onun üçün?

Yaddaşında donub qalan

Uzaq, keçmiş bir təranə.

Bircə səsin yaratdığı toxunulmaz bu əsərdə

Hər rəng, hər iz

– yeni Anlam yaratmada

Yeni Zaman yaratmada

Hələ şəklini almamış bir düşüncə...

Kor rəssamın kətanında...


***


Sərxoşdum, yazdım...


Bir qurtumdan sonra

Sözlərin qarşısı açıldı...

Çayın lil tutmuş ağzı kimi...

Sözlər axdı durmadan –

Səssizliyə ünvanlanmış sözlər...

Sənsizliyə ünvanlanmış...

Məktub yazdım

Fərqinə belə varmadan

Çevirdim adını içimdə

O yana, bu yana çevirdim

O qədər çevirdim ki,

Başım fırlandı...


Amma bu sərxoşluq içində belə qələm susmadı

qələm durmadı...

Sənsizlik dörd mövsüm...

Ruhum tək

Mən yoxam....

Sərxoşam, gülüm, sərxoşam...

Mən yoxam...

Amma nə sirr ki

Səni duyarkən

sənin üçün yazarkən

Ayıqdan da ayıqdır

içimdə sızlayan yaram...

yazıram dərddən,

küləkdən

küləkdə oynayan saçlarından

saçların ümid yolu qədər uzun,

bir də

reallaşmayacaq arzular kimi qıvrım...

mövsümlər isə yarım,

yaralı ruhum kimi yarım...

Mənzil başına hələ var

sərxoşam,

yazıram, neyləyim?!

Sənsiz qalan bu dünyada

Ruhsuzam,

Boşam, bomboşam...

Hiç yorum yok