Aqşin Mahir – Şeirlər
"Burda payız fəslidir"
Burda payız fəslidir.
Yenə şıltaq küləklər
rəqsə dəvət eyləyir
xəzəl yarpaqlarını.
Göy üzünün günəşi
ərəb qadını kimi
çarşab altda gizlədir
sarı yanaqlarını.
Şimşəklərin səsini
lal edən bu yağışlar
ac quştək dimdikləyir
saçımın ağlarını.
Sahildə balıqçılar
gümüş bilərzik kimi
balıqların boynuna
taxır qarmaqlarını.
Sonra həmin balıqlar
ölü balıqçıların
məzarlarına göndərir
balıqqulaqlarını..
"Rəssam, sevgilimin rəsmini çəkmə"
Rəssam, sevgilimin rəsmini çəkmə.
Mənim həsrət çəkən gözlərimi çək.
O qızın ardıyca kölgələr kimi,
Sürünən bu yorğun dizlərimi çək.
Çək hər gün yol çəkən baxışlarımı,
Baxanlar hiss etsin kövrəkliyimi.
Çək gözaltımdakı qırışlarımı.
Sahildə sürüşən torpaqlar kimi.
Çək şeir yazdığım otaqda nə olar,
Önümdə ağ kağız,əlimdə qələm.
Elə çək anlasın baxan adamlar,
Mikayıl Müşfiqtək xoşbəxt deyiləm.
"Son payız gecəsi"
Dünyanın zövqünə qul olmuş biri,
Səni heç özünə arxa bilərmi ?
Məni ölüm ki, var qorxuda bilməz,
Dustaq azadlıqdan qorxa bilərmi ?
Əbədi həyata sənsən bələdçi,
Son nəfəs dirilik gətirən sudur.
İndi ölümdən çox Allaha qarşı,
Çıxdığım məqamlar məni qorxudur.
Payız gecəsinin tutqunluğunda,
Dünya gözlərimdə qəribdir,qərib.
İçirəm razılıq şirin çayını,
Allah ruhum üçün elçi göndərib.
"Atam ölməsəydi..."
Atam ölməsəydi mən nə yazardım?
Uğursuz sevgidən? Yox, inanmıram.
Ömründə itkisi olmayanların
Şair olmasına çox inanmıram.
Payızın saralan xəzəllərindən,
Yağışa söz qoşub durulacaqdım,
Mən bu təbiətin hər bir üzünə
Şeirlər yazmaqdan yorulacaqdım.
Ömrüm nağıllartək başlamasaydı,
Körpə könüllərə su tək sızardım.
Atamın aldığı qələmlər ilə
Abdulla Şaiq tək şeir yazardım.
Anam şair kimi böyütdü məni,
Yoruldum, çiynimdən çantamı aldı.
Bəlkə də şairtək böyüyüm deyə,
Allah Müşfiq yaşda atamı aldı.
Hiç yorum yok