Kənan Hacı – Seçmə şeirlər
İtmiş xatirə
Bu dənizin sahilində
xatirəmi itirmişəm.
Axıb gedib ləpələrdə,
Günəş deyir görməmişəm,
Ay susur...
Başmağımın bir tayıtək
haradasa düşüb itib.
Vurnuxuram ağ ayıtək,
mən qalmışam, o qız gedib.
Çay susur...
Sakit axan çaya dönüb,
balıqlara yem olubdu.
Qışa dönüb, yaya dönüb,
çiçəkləyən qəm olubdu.
Yay susur...
O ağacı tapmadı yaz,
gördü ki, kötüyü qalıb.
Daha nə din, nə də ki, yaz,
kötük də elə qaralıb...
Hey susur...
***
Əllərim
Mən həyat yollarını əllərimlə yeridim,
ayaqlarımla deyil,
taleyimin üzünü
əllərimlə köçürdüm ağ kağıza,
gözlərim şahiddir
başıma gələnlərə...
indi hər kəs məni
əllərimdən tanıyır,
çox vaxt ayaqlarım gedə bilməyən yerlərə
əllərim gedib çatıb,
ayaqlarım şahiddir...
Nə yaxşı əllərim varmış,
bir az zirək, bir az ürək əllərim,
yıxılmayan ömrümə
ürək-dirək əllərim...
19.04.2023
***
Pulqabım həmişə ümidlə dolu oldu,
ümidlə isindi ciblərim,
ürəyimi üşüdən pulsuzluq
xroniki xəstəliyə çevrildi,
döş cibimdə yuva qurdu təzyiq dərmanı,
arzular naziri postundan
istefa verdim,
taleyə təslim etdim bu canı,
keçdikcə günlər, azaldıqca ömür
böyüdü çarəsizliyim...
Artıq buralarda ömrü ələ keçirmiş
əbədi bir qış var,
bəlkə
yanlışda da bir naxış var...
10 may, 2023
***
"Atamla söhbətlər"
silsiləsindən
Atamın şəklinə sataşdı gözüm,
zəhmli baxışdan çəkindim yenə.
Ovcumu yandırdı siqaret közü,
bir az yığışdırdım özümü yenə.
Şəklinin önündə ayağa durdum,
sandım yenə məni danlayacaq o.
Boş qoyub gəlmişdim o doğma yurdu,
bəlkə, bəlkə məni anlayacaq o...
Danışa bilmədim uğurlarımdan,
günahım bənd kimi kəsdi yolumu.
Günahım yapışdı ayaqlarımdan,
bağladı əlimi, tutdu qolumu.
Qayıda bilmədim ata yurduna,
qaytara bilmədim ata yurdumu.
Arabir baş çəkib tək məzarına,
deyirəm: bağışla bivec oğlunu.
Şəkildən siqaret tüstüsü qalxır,
fikri uzaqlara dəyib qayıdır.
Deyən, şəkildə də atam darıxır,
şəhərdən o, yenə kəndə qayıdır...
16.05.2023
***
Günəşi nuş etdim, canım isindi,
Külək boğazımdan keçmədi, neynim.
Mən öz əllərimi yeyib bitirdim,
Bilək boğazımdan keçmədi, neynim.
Köynəkdən ayrılan düymədi baxtım,
Saman tayasında iynədi baxtım.
Ayları, illəri neylədi baxtım,
Fələk boğazımdan keçmədi, neynim...
17 may, 2023
***
İkimiz
Ötən ömrə bəraətdi bu sevgi,
gəl, bu hissə təslim olaq ikimiz.
Kim desə ki, cinayətdi bu sevgi,
sevgimizə vəkil olaq ikimiz.
Bax gözümə, özünü gör gözümdə,
gözəlliyə mat qalarsan özün də.
Bir söz deyim, amma çıxma sözümdən,
bir kadrda şəkil olaq ikimiz.
Qaçıb yenə gözlərimin yuxusu,
nəfəsimdə saçlarının qoxusu.
İslanmışın yağışdan nə qorxusu?!
Bir günaha şərik olaq ikimiz...
22.05.2023
***
Sənə buludsuz göy üzü necə yaraşır, göyərçin,
Xəyallarım da sənintək orda dolaşır, göyərçin.
Qanadlarını ver mənə, özüm də uçum yanına,
bu yer adlı cəhənnəmdə ruhum darıxır, göyərçin...
Balıq nəfəsli Kür çayı susub, xəyala qərq olub,
Səndən xəbərsiz şəklini çəkib çıxarır, göyərçin.
Kağızdan bir "quş" düzəldib atdım sən uçan ünvana,
Sən nəfəsinlə ruh verib onu canlandır, göyərçin.
Qanadın yorğun düşəndə sənə qanad verəcək o,
Allahı görsən, de, insan səni çağırır, göyərçin.
16 iyun, 2023
***
Dünəndən buludun gözü yerdədi,
Deyəsən, özünə yuva axtarır...
20 iyun, 2023
***
İdilliya
İtlər hürür,
kal səsləri qaranlığa xal salır,
quşlar diksinirlər yuvalarında,
yorğun kəndlilərin yuxusu qaçır.
Təndiri qalamaq lazımdı,
ot biçini yarımçıq qalıb,
dərzlər tayalanıb, kölgəsi dinclik yeri...
Quşlar səslərilə naxış vurur səhərə,
sığırçınların səsi
qapı zəngi kimi oyadır məni yuxudan,
dəmirağacdan asılmış yelləncəyə minib
qayıdıram atalı-analı günlərə,
iyirminci əsrə...
Gün çırtlayır ağacların başında,
Günəşdən əvvəl oyananların
sevinci dünya boyda,
bu yaşıl çətirin altı möcüzə,
dünya nağıl kimi şirin görünür,
uşaq yaddaşımın dibi görünür...
sözlər də ballanıb düşür vərəqə
şipşirin meyvə kimi...
30.06.23
***
Öldürücü məhəbbət
ekspressiyası
Sən dözülməz adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
nazına dözmək çətin.
Sən dilini bilirsən
hüznün, qəmin, məlalın.
Səndən vəfalı imiş
bu ərköyün xəyalın.
Sən sevgini öldürüb
üstümə atıb getdin.
Mən ki İsa deyiləm,
nəfəs verib dirildim.
Ayrılıqla oynama,
qəlbi külə döndərir.
Rüzgar da nə ki dərd var,
yığıb bizə göndərir.
Sən ki payız deyilsən,
ürəyimi saraltma.
Ağ günlərin xətrinə
get, qanımı qaraltma.
Sən dözülməz adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
öldürür məhəbbətin.
***
Sənsizlik
Sənsiz qaldım, sənsizlik
məni üzdü yenə də.
Sənsizlik sızan yerə
şərab süzdüm yenə də.
Balıncım daşa dönüb,
narahatdı yatağım.
Yuxuda da adını
pıçıldayır dodağım.
Daha məni ovutmur
nə siqaret, nə şərab.
Yazmadığın məktuba
cavab yazıram, cavab...
Düyünlənib əllərim
ümidin boş cibində.
Məni təklik gözləyir
butulkanın dibində.
Buludla dost olmuşam,
Çətirim yaddan çıxıb.
Rahatlığım, dincliyim,
hövsələm yaddan çıxıb.
Sənsiz qaldım, sənsizlik
məni üzdü yenə də.
Sənsizlik sızan yerə
şərab süzdüm yenə də...
***
Səni gətirən külək
Yenə səni gətirdi
üzlü Bakı küləyi.
Köhnə evin dənizə
söykənibdi kürəyi.
Tüstü çıxmır sobadan
uzun qış gecələri.
Yoxdu səni ovudan
tənha qalandan bəri.
Bu cığırı ot basıb,
döyən yoxdu qapını.
Nə vaxtdır ki, toz basıb
nimdaş ayaqqabını.
Pəncərənin şüşəsin
nə vaxtdır yağış döyür.
Dərdini kimə desin,
Nə səs gəlir, nə səmir.
Hörümçək tor toxuyub
sən gəlib çıxanacan.
Kitabları “oxuyub”
burda ac qalmış siçan.
Yenə də yolun düşdü
meyxanələr küncünə.
Yenə ağlın sürüşdü,
düşdün yenə pis günə.
Köhnə evin dənizə
söykənibdi kürəyi.
Yenə səni gətirdi
üzlü Bakı küləyi...

Hiç yorum yok