ADS

Əlfəcin

Rüfət Həşimov – Şeirlər

 

Sən


Sən gəldin, ömrümə yaz gəldi elə,

Qışın da içində bahar yaşaram.

Düşsə də yolumuz tufana, selə,

Mən sənin eşqinlə coşub daşaram.


​Baxışın ən şirin nəğmədir mənə,

Ruhumu oxşayır o cənnət gözün.

Dünyanın ən gözəl varlığısan sən,

Nağıla çevrilir hər şirin sözün.


​Sən mənim ömrümün şirin payısan,

Tale öz əliylə bəxş edib səni.

Qaranlıq gecəmin nurlu Ayısan,

Eşqin işıqlara qərq edib məni.


​Ürək də, nəfəs də sənindir ancaq,

Dünya sən güləndə işıqla dolur.

Səninlə yaşamaq, səninlə qalmaq,

Ömrün ən gözəl bir mənası olur.


***

Sən mənim ömrümə elə gəlmisən... 


Sən mənim ömrümə elə gəlmisən,

Gecikmiş bir bahar yağışı kimi.

Mən sən elə bir ruhla sevmisən, 

İlahi baxışın naxışı kimi.


​Sözə çevrilməyən duyğu fərqlidir,

Dilin demədiyin gözlər pıçıldar.

Bu eşqin sirləri qəlbdə gizlidir,

Onda nə payız var, nə də soyuq qar.


​Sən mənim ruhumun doğma səsisən,

Eşidib can verdin, sən nəfəs kimi.

Ömrümün ən şirin hekayəsisən,

Yazmışam mən səni xoş həvəs kimi.


Alın yazımızda silinməz naxış,

Bu eşqin adını zaman itirməz.

Ruhumu isidən o doğma baxış,

Ömrümə bir daha xəzan gətirməz.


***

"Əlvida!"söyləyə bilmədim sənə


Dönüb baxa bilmir gözlərim geri,

Yolların sonuna gəlib çatmışıq.

Qaytara bilmərik ötən günləri,

Bu eşqi həsrətə qul yaratmışıq.


​Dilimdə boğuldu o son kəlmələr,

Ağır bir buludtək çökdü qəlbimə.

Sanki bu dünyadan getdi nəğmələr,

Necə sinə gərim mən bu dərdimə?! 


​Bir addım atmağa ürək eləmir,

Sanki ayaqlarım yerdən üzülüb.

Gözlərim yaşını gizləyə bilmir,

Kədər misra-misra gözə düzülüb.


​Bu son görüş imiş, bu son ayrılıq,

Baxıram arxanca mən yenə... yenə.

Qaldım qaranlıqda, bitdi aydınlıq,

"Əlvida!" söyləyə bilmədim sənə.

Hiç yorum yok

⇧