Aysel Xanlarqızının şeirləri
***
Anam evimizdə tənha qalanda,
Biz durna köçündə dönmədik yazdan.
Atamın ömründə payız olanda,
Onda anladım ki, adammış xəzan…
Atammış xəzan…
İllər də köhnəldi köynəklər kimi,
Dar oldu əyninə yaşımız daha.
İndi bir ocaq yox, xatirələri
İçində yandırıb çıxaq sabaha,
qalxaq ayağa…
Nə o bağ qalıbdır, nə tut ağacı,
Çapığı dizimdə qoşa qoşadı.
İndi evimizdə darıxan anam,
Atamın şəkliylə eh, başbaşadı…
üzü qışadır…
Sabahı qorxudur yuxusuz gecə,
Allahın verdiyi nəfəs azalıb.
Daha qış fəslitək gecəmiz uzun,
Ömür gündüz kimi yaman qısalıb…
Atam evimizdən gedəndən bəri,
Dünya yetimxana , dünya boşalıb…
***
Sənin bəstələrin yalnızlıq çalır,
Mənim hər nəğməyə ürəyim yatmır.
Mənim boşluqlarım dibsiz, uçurum,
Uzanan əllərin saçıma çatmır.
Sənin zaman ilə könül oynadan,
Eşqdən uzaqlaşan vaxtındır, billəm.
Sənin təkliyindən zövq alan dövrün,
Mənin uşaqlaşan vaxtımdır, billəm.
Səninçün əylənmək baş ağrısıdır,
Sən öz işindəsən, mən öz işimdə.
Mənim ruhum gənclik dövründə qalıb,
Sən öz yaşındasan, mən göz yaşımda…
Hərəmiz bir yerdə, bir qitədəyik,
Günah heç olmayan körpülərindir.
Odlu pıçıltılar qulaqlarımda,
Telefon zəngiylə soyuyub indi…
Necə çıxıb getdin gecələrimdən,
Üzüb çıxammadım qoynuna diri.
Bu eşqi illərdir dəmə qoymuşduq,
Buğlandı gözümdə soyuyan yerim …
***
Adamların zəhər sözün
Oyaq başla çəkmək olmur,
Tanrım, mənə yuxu ver…
Alışmışam,
Xoş nə varsa ver özgəyə,
Göz yaşardan dumanından
Gətir, çəkim ahı,
ver…
Buludlanmış fikirləri,
Xoşbəxtliyin abidəsin
O adamın dodağında
Sözdən sözə yıxıb, ver…
Bir orqan bağışı kimi,
yaddaşımı,
Ver alzeymer xəstəsinə,
Anam səhvən doğub,
ver…
Şans istəsəm, yolun azar,
qəza edər.
Atılası nə dərdin var,
Ver, nə varsa yığıb, ver…
Tanrım,
gücün çatsa məni,
Təkrar zalım biri kimi
Bu dünyaya doğub ver…
Hiç yorum yok