ADS

Əlfəcin

Xəyalə Sevildən seçmə şeirlər

 


***

Can deyilən

Nə bədəndi, nə ürək-

Evdi.

...Biri yaxınlaşdı tənhalığıma,

Gördü haldan düşmüşəm,

Seviləsi gündəyəm, 

Sevdi.

Ürək var e,

Sevincindən uçurdu,

Sonra getdi..

Ürəyimi uçurdu.

Görən, bütün gedənlərin 

Qalanları bu cürdü?..

O evdən 

Nə qapı, nə baca qalıb.

Boylanıram içəri-

Ordaca qalıb...

Təzədən ev olum, dedim,

Ağacına su verdim,

Boyunu sığalladım.

Ağacı böyüdü, boyu böyüdü,

Torpağı böyümədi.

Bağlı-bağlı qapılarım var mənim

Və o qapı bir daha döyülmədi!


***

Ürəyindən bərk yapış,

Sözünü tut, deyirəm...

Bu nə yükdü gözümdə?

Mən ki bulud deyiləm.


İşdi, ayrılıq gəlsə,

Unutmaram- qətidi.

Sevə bilmək insanın 

Ən yaxşı cəhətidi.


Ürəksizəm- nəyim var,

Səndə qoyub getmişəm.

Gör mən sənə nə gözəl

Sevilmək öyrətmişəm.


***

Nə boşluqdu, İlahi,

Kimdi məndən əl çəkir?

Pəncərəsi açıq qalıb

Könlümün- 

Yel çəkir...

Yığılan dağılıb, 

Tökülüb indi-

Nə mənasi kim etdi.

Mənim səni unutmağım 

Qan tökmədən,

Kin güdmədən çıxdığım

Zərif məğlubiyyətdi.

Ümid varmı, görəsən?

Varsa, hanı?- bilmirəm.

Hardasa, çox uzaqda

Xoşbəxtlik var, bilirəm,

Ünvanını bilmirəm.

Kölgəylə yol getməkdi bu-

Yox- desəm, yalan olar,

Var- deyə də bilmirəm.

Üşüdür ruhumu bu hiss,

Qar deyə də bilmirəm.

Bu hüzün ruhun səsidi-

Nə danışır, nə eşidir.

Kiməm, kiminəm, İlahi?

Duymursan, yadınam axı.

...Bircə yol başa düşmədi-

Mən təkcə ana deyiləm,

Mən həm də qadınam axı.


***

İndən belə nə mənası,

Az elədin, çox elədin.

Sən də belə sehrbazsan,

Öz-özünü yox elədin.


Gün batdı, Ayam özümə,

Səhvəm, cəzayam özümə.

Gül kimi payam, özümə

Gör kimi qucaq elədim!


And deyilsən, içim səni,

Yol verdin ki, keçim səni.

Saxlamağa gücüm səni

Çatardı, uzaq elədim.


***

Sonra hamı getdi, bir-bir, iki-bir,

Adamlar azaldı, səslər azaldı.

Təkləndim bu boyda dünya içində,

Ən yaxın, ən doğma kəslər azaldı.


Sonra unuduldu bütün pisliklər,

Sonra alışıldı olanlara da.

Sonra şükür dedim gündə yüz dəfə

Əlimdə, ovcumda qalanlara da.


Sonra sən də getdin- nə önəmi var?

Könlümdə yerini hər an saxladım.

Ən vacib işimin arasında da

Səni düşünməyə zaman saxladım.


Sonra anladım ki, həyat belədi,

İnsanı ən həssas vaxtında yorur.

...Kim gözündən salır məni, görəsən?

Bir biləydim, məni kim unutdurur.

Hiç yorum yok