Tural Turandan seçmə şeirlər
***
Vurulma,
vurulma göy üzündən hər gələnə.
Vurulma, ağ rənglərin qibləsinə.
Kim bilir, uşaq, kim bilir,
bəlkə də Tanrının gülləsidi
bütün qar dənəcikləri?!
Kim bilir, uşaq, kim bilir,
bəlkə həmin güllələr
atılıb göy üzündən
yorğan olur,
yorğan olur bütün qaranlıqlara?!.
Bəlkə də güllələyir
bütün qara rəngləri, ...kim bilir?!
Vurulma inanmadıqlarına,
İnandığın yerdən vurarlar bütün dualarını...
Vurulma, axşamüstüdü,
Qucaqla, qucaqla
gözlərindən hönkürdüyün
dilsiz itin dualarını...
...Amma vurulma!
***
Uzaqlığın tablosu
Üşüdər gözlərini
uzaq bir pəncərədə hönkürən işıq.
Üşüdər - əynindəki tabut kimi...
Bir an titrədər kürəyini
yiyəsiz skamyaların soyuqluğu.
Tellərinə əl gəzdirər
quru söyüdün budağı.
Söykənərsən göz yaşına
fikirlərin qarışıq;
Unutdurar özünü
xatirələrdən sıçrayan
qəlpələrin çoxluğu.
Keçmişin atdığı mərmilər,
Qəfil isidər gözlərini...
Bir də baxarsan ki,
nəbzi vurmur ayaq izinin...
...Və
diz çöküb başdaşında
yoxluğun soyuqluğu.
***
Müharibədən sonra...
(Göy üzünə rekviyem)
Bütün pəncərələr bükər boynunu,
bütün qapıların sinəsi alışıb yanar...
Bütün tabutlar dəyişər əynini,
bütün kimsəsiz məzarlardan
son andını unudan günəş doğar.
Dualar da çıxıb gedər
müharibələrdən sonra.
Dualar da çıxıb gedər başıaşağı.
Elə ovuclar da...
Divardakı şəkillər
saçlarını sığallayar hər gecə
ata yolu gözləyən
neçə-neçə uşağın...
Günəş doğar, səhər olar
amma açılmaz sabahların
ata tərəfi, ər tərəfi...
Körpələrin göz yaşından yıxılar,
qara-qara buludların şərəfi...
...Sonra
bütün gülüşlər özünə inanar,
təbəssümlər dəyişər
işıqların dinini...
Hər məzarın başı üstə
bir dul qadının işığı yanar.
Üzü üstə yatan
taykeş əsgər çəkmələrinin
yuxusunu döyəcləyər bir sual:
-Göy üzü sağdımı?
***
Sevin, bu dünyanın gülən üzünü!
Kədəri ikiyə bölən üzünü!
Hər şeyin sonunu bilən üzünü!
Utanan baxışda Allahı sevin!
Gülüş qucağında boy atar kədər!
Heç nə uduzmadı xoşbəxtlik qədər...
Alnında gülləylə açılsa səhər,
hər yalnış naxışda Allahı sevin!
Alın yazıları alında ləkə!..
Bu qorxaq taleyə səbrin yox bəlkə?!.
Kəpənək ömrü tək lap qısa çəkən,
üzlərdə qızaran günahı sevin!
***
Əllərimin yaddaşı
Əllərim dil açır gecənin
içindən keçən tənha işığa.
Yalvarır o işığın kölgəsiz addımlarına ki,
öz doğum günündə güllələməsin
yanaqlarına əsir düşən payızı.
Əllərimin səsi eşidiımir bu gecə də,
çıxıb gedir o tənha işıq,
çıxıb gedir
payızın sonuncu doğum gününə sarı.
...Və günəşin dirijorluğunda
yıxılır bütün küləklər
Ay işığının boynundan asılan
edam kötüklərinə tərəf...
O an dili tutulur ovuclarımın,
unudur gecə işıqlarına söykənən
bütün and yerlərini.
Silinir,
silinir əllərimin yaddaşından
bütün müqəddəslər...
***
Axan qandan günəş çıxır bu gecə...
Qırx dörd gecənin qan yaddaşı
dəfn olunur beləcə...
Dəyişir göylərin də
dumanlı qan qrupu...
Kimsə, ay işığının alnından öpür.
Kiminsə dodağında
külü qalmış öpüş alışır.
Namlular da yorulub
ölümə göndərdiyi
balasını əzizləməkdən.
Hardasa bir duanın
yenə qanı sovrulur.
...Elə bu dəqiqə
açılır savaşın sonuncu gülləsi.
Son mərminin də canı qurtarır
ölümü yarıyuxulu gözləməkdən.
Partlayan son mərmini
axır nəfəsdə oyadır öz səsi...
İndi
təmizlənir bütün bayraqlardan,
təmizlənir
ünvanı unudulmuş qan ləkəsi.
Bütün silahlar
yuxuya gedir
öz kölgəsində.
Hansısa bədəndə soyuyan qəlpə
özünə ilk məktub yazır
son nəfəslər ölkəsindən...
İndi
boz silahların günahını
kövrək bir sükut yuyacaq.
Növbəti savaşadək
tək çarpayılıq yuxular
bir dul qadın sinəsində
bir atasız körpə səsində
qan qoxuyacaq, tabutum,
qan qoxuyacaq!..
İndi... bütün güllələrin
canı qurtarır adamlardan...
İndi bütün silahların ibadət vaxtıdı
növbəti müharibəyə qədər...
Axan qandan günəş çıxır bu gecə...
***
Tənha ad günü tablosu
İndi,
elə indi hansısa təqvimin doğum günüdü.
Hansısa göz yaşının ayaqları burxulur.
İndi,
elə indi hardasa hönkürür yarımçıq bir dua.
Hardasa tənha ocaqlar and içir qara suya...
...Bu an,
elə bu an soyunur alın yazısını göy üzü.
Süzülür ay işığından ilğımların key üzü.
Bir addım səsi sarılır xatirələrin boynuna.
...Və hardasa bir qız
unutduğu ünvanı təzədən geyinir əyninə...
Bu dəm,
elə bu dəm yığışır gözləri
pəncərələrdən yolların.
Yollara məktub yazan
ayaqyalın tablolarsa
bakirə sağlıq deyir
tənha ad gününə sarı...
***
Unutduğun dan yeriyəm,
Ağarmaram, qayıtma!
Bir payızın dön yeriyəm,
Çağırmaram, qayıtma!
Ovcumda açılan Günəş,
Odumdan asılan Günəş...
...Duamdan yıxılan Günəş,
Qaldırmaram, qayıtma!
İtkin saat əqrəbiyəm;
Göy üzüdür yəqin yiyəm!..
Bir ayrılıq qəzəbiyəm,
Ağrımaram, qayıtma!
***
Bu gecə yuxuda Məkkəmizi gordüm, Şuşaya getmişdim. Yuxuda yazıldı bu şeir... Şuşaya getmədən, Şuşada oldum, mədəniyyətimizin Məkkəsini gəzdim...
Şuşada yaz idi... Amma güllər hələ də barıt qoxuyurdu...
Gəldim tozlu yaddaşımla,
Şuşa, məni tanıdınmı?
Əlimdəki başdaşımdan
Şuşa, məni tanıdınmı?
Yaxamda ildırım çaxır.
Göz yaşımdan dinim axır,
Arxamdan öz kölgəm baxır...
Şuşa, məni tanıdınmı?
Yaslanıb Cıdır düzünə,
Sabahlar gəlir özünə...
Bax, Tanrının sağ gözündən -
Şuşa, məni tanıdınmı?
Qol qaldırıb azan səsi!
Alnımda taleyim əsir...
Hər duamın minarəsi -
Şuşa, məni tanıdınmı?!
Bir yuxu var - ömür yoran...
Dualardan səni soran...
Mənəm - beş min illik Turan;
Şuşa məni tanıdınmı!?
Hiç yorum yok