Pərviz Qurbanlıdan seçmə şeirlər
XXX
Ana, gələ bilirsənsə, gəl.
Möcüzələrin gerçək olduğunu sübut elə.
Qoyub getdiyin hər şey dəyişib.
Quruyan ağaclara fikir vermə,
Yaydır, hava çox istidir.
Toyuqların dənsiz qaldığını görməzdən gəl,
Uşaqlarının sənsiz qaldığını görməzdən gəl.
Keç evə, tanımadığın adamlarla tanış ol.
Bax nəvələrin nənə deməyi nə gözəl bacarır özgələrinə...
Qardaşımın artıq üçüncü çiyni var, başın söykəməyə yeri çoxdur.
Atamsa eynidir, əsəbi, əliaçıq, ürəyiyumşaq.
Bircə öldürdüyü milçəklərə qarşı amansızdır.
Ən yetimi mənəm...
Uzanan boyum, çıxan saqqalım böyüdüyümə işarədirsə,
mən saqqalı uşağam.
Gözü yolda, qulağı səsdə...
Bir laylay de, burada mışıl-mışıl yuxuya keçim.
Ana, getmək istəyirsənsə, get.
Möcüzələrin gerçək olduğunu sübut elə.
XXX
Mən dəli deyiləm, dəli deyiləm,
Mən sözün düzünü deyən adamam.
Özümdən getməyə öyrəncəliyəm,
Ara-bir özümə gələn adamam.
Təbəssüm qonaqdı dodaqlarıma,
Nə edim, məndə də dəyişim olur.
Dodağım yalandan qaça da bilir,
Ağlamaq ən gözəl vərdişim olur.
Sevgini hər şeydən uca tutaram.
Hər şeyi bir anda silə bilərəm.
Bu vətən yolunda şəhid olaram,
Bir qadın üçün də ölə bilərəm.
Məni belə tanı, məni belə sev.
Yox bu xarabada anlayan məni.
Bir anam var idi, eyib örtənim,
Bir atam qalıbdı danlayan məni.
XXX
Məcburam ki, bu qismətlə barışım,
Boyun büküb, dərdi-sərə qarışım.
Bir zəli tək bədənimə yapışıb,
Kömək elə, çəkib qopar bu ömrü.
Çox acgözdü, yedi məni doymadı,
Bu dünyada yaşamağa qoymadı,
Qara rəngdən başqa rəngə uymadı,
Hansı dəli ömür sanar bu ömrü?
İstəməklə Allah canı alarmı?
Mən öləndən sonra nəsə qalarmı?
Ay Allahım, torpaqlamaq olarmı?
İçi məzar, çölü məzar bu ömrü.
Xoş günləri çarəsizcə gözlədim,
Başın qatdım, yalandan əzizlədim.
Denən, axı denən harada gizlədim?
Qorxuram ki, kimsə tapar bu ömrü.
XXX
Ömrü kim tutub ki, sən saxlayasan?
Dərdini dost bilib qucaqlayasan,
Bu qoca dünyaya bel bağlayasan,
Xaraba qalmışa güvənin ola!
Kim səni büdrətdi, kim səni yıxdı?
Sürüşkən qismətə fələk karıxıdı.
Nə sevgi, xətrinə dəyən də yoxdu,
Uzaqdan gözünə dəyənin ola!
Könlünü yalandan ovutmayalar,
Səni bu dünyadan soyutmayalar,
Evinin yolunu unutmayalar,
Ara-bir qapını döyənin ola!
Səni hər sözündə düz sayanların,
Doğru başa düşüb anlayanların,
Hər xırda səhvində danlayanların,
Hər böyük uğurda öyənin ola!
Yorğun qayıdasan hər yanı gəzib,
Sakit oturasan hər şeydən bezib,
Belə bir məqamda iki çay süzüb,
“Bu gün nə etmisən?”— deyənin ola!
XXX
Qurban olum, gəl ağlayaq bu dərdə,
Günüm keçmir bu keçilməz şəhərdə.
Elə gözəl yaşayırdım o yerdə,
Dünyaya gətirdi bir mələk məni.
O dərd elə, can yoldaşım, kənizim.
Günü-gündən solub gedir bənizim.
Sən tərəfə nahaq gəldim,əzizim
Daşıya bilməz ki daş ürək məni.
Cavan canım, sən təlsəmə dur, dayan,
Fələk bilməz neçədir ki mən sayan.
Arzu tutub bir ağaca bağlayan,
Hələ də yaşadır o dilək məni.
Axı sən üstümə niyə gəlirsən?
Mən dərd adamıyam sən ki bilirsən.
Üşüyürəm, titrəyirəm görürsən,
Sanma tərpədirsən, ay külək məni.
Yıxa bilməz bu şəhərin küləyi.
Mən Allahdan gözləmişəm köməyi
Bəyənmədi anam vuran bələyi,
Qanıma bələdi bu Fələk məni.
Hiç yorum yok