ADS

Əlfəcin

Turac Hilaldan seçmə şeirlər


 Deyəsən ki...


Bir diz ola, baş qoyub darıxasan,

Bir əl ola, yaran üstə sıxasan,

Bir yol ola, Tanrıyacan çıxasan -

Deyəsən ki, di at məni göyündən.


Dərd dirənə sümüyünə, güləsən.

Min il yanıb, dönməyəsən külə sən.

Cəhənnəmdən betər nə var biləsən,

Deyəsən ki, di göndər betərindən.


Ruhun candan, canın bezə əlindən.

Küfr edəsən, şeytan qaça şərindən.

Çıxarasan dünyanı məhvərindən,

Deyəsən ki, di qov məni evindən.


Bir diz ola, baş qoyub darıxasan,

Bir əl ola, yaran üstə sıxasan,

Bir yol ola, Tanrıyacan çıxasan -

Deyəsən ki, di at məni göyündən.



           XXX


Bitirdim bu savaşı, zəfəri yaz adına. 

Qələbəni elan et sənə təslim qadına. 

Bax, udduğum dərdlərin göz yaşardan dadına,

Boğazından bir tikə keçsə, bağışlayardım.


Bir ordu xəyal qırdın, hamısı bakirəydi.

Dönüb sənə gəlməyə düz nə varsa kürəydi.

İçimdə hər gün qırğın, hər gecə aşurəydi.

Bütün olub-bitənlər heçsə, bağışlayardım.


Mən yeri alt-üst edib, göy üzünü fəth etdim.

Sənə gəlib çatınca kainatı qət etdim.

Neçə günah işlədim, neçə cür qələt edim.

Səni sevmək ən böyük suçsa, bağışlayardım.


Otur, gözlə özünü, gör itirmək nətərmiş?!

Yerlə göy arasında nəfəs almaq hədərmiş.

Könlümün qırğınlığı bir toxunuş qədərmiş,

Dara çəkib çarmıxı qucsa, bağışlayardım.



           XXX


Sən ruhumun kölgəsi, sən üfüqün cizgisi,

Şeirimin aşkarı, ürəyimin gizlisi.

Hər kəsin misar-misra axtarıb tapmadığı,

Kimsənin çözmədiyi, kimsənin batmadığı.


Dünyanın ən sonuncu, ən sirli möcüzəsi, 

Balıqların nəğməsi, kəpənəklərin səsi.

Xəyalımda itirib, gerçəyimdə tapdığım,

Nəfəsimdə, könlümdə, canımda yaşatdığım. 


Həm dərdim, həm dərmanım, həm Kəbəm, həm niyyətim,

Ən böyük qələbəmdir sənə təslimiyyətim.

Sən Tanrı sərgisinin ən mükəmməl əl işi,

Günəşin qürubudur kirpiyinin enişi.


Min cəhənnəm qədərdir bir həsrət qığılcımı,

Qollarından öpərəm sanıb cənnət qucunu.

Səni elə sevdim ki, həsəd qoydum hər kəsi,

Heç bir nağılda olmaz bu sevgidən ötəsi.


Məni şair eyləyən eşq sənin əsərindir,

Bütün şeirlərimin ünvanı gözlərindir.

Oxuyanlar Leylidə yoxmuş bu hünər dedi,

Mənə "dəli" deyənlər, sənə "bəxtəvər" dedi.



           XXX


Mən öz şeirlərimə

Səpələnən qadınam.

Fırtınalar qoynunda

Ləpələnən qadınam.


Dodağının çatından

Həzz alan dəli də mən,

Cəhənnəmində yanan 

Yeganə ölü də mən.


Səninçün sərhədləri

Sökdürə də bilərəm.

Səni dizlərin üstə

Çökdürə də bilərəm.


Səndən sonra doğuldum,

Səndən öncə ölərəm.

Bütün olmazları "Ol"

edib, yenə gələrəm.


Mən öz ümidlərimi

Boğan qatil qadınam,

Günahının qoynundan

Çıxan batil qadınam.


Sussam, səsim Tanrının

Qulaqlarına çatar!

Səni yerinə çəkər,

Məni göyündən atar!


Mən Şeytanı aldadıb,

İblisi ram edərəm.

Ya səndən EŞQ düzəldər,

Ya da adam edərəm.



           XXX


Bir yerdə qərar tutmur ruhum, darmadağınam.

Bu xaraba könlümdə heç bayquş da ulamır.

Döyülməkdən göyərən anamın dizlərini

İndi mələklər öpür, göz yaşları sulamır.


Daha bizim hasardan yadlar boylanıb baxmır,

Çırpılmır taxta qapı daş hasarın üzünə.

Daha ay isığında qıvrım saçlı qızcığaz

Burnunu çəkə-çəkə məktub yazmır özünə.


Daha nə o həyət var, nə o səs-küy, nə nənəm...

Babam bəhanə gəzmir Toplanı döymək üçün.

Atasının aldığı qırmızı donu geyib

Fırlanmır qonşu qızı özünü öymək üçün.


Öldü o qızcığazın balaca Məstanı da,

Ən böyük arzusu da, ən kiçik inamı da...

Öldü ay işığında burnunu çəkə-çəkə,

Yazdığı məktubların çatacaq  ünvanı da.

Hiç yorum yok