Əsəd Qaraqaplan – Seçmə şeirlər
“Sonuncu sevgi şeiri”
...bir qadın da sevmədik, ayrılaq, şeir yazaq.
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq.
bir evimiz olmadı kirayələrdən uzaq
bir oğul böyütmədik, əsgərə yola salaq...
hər şey bizdən böyükdü, hər şey bizdən balaca
ortalıqda qalmağın cəzası tənhalıqdı.
bunu da bu şeirin küncünə yaz, balaca,
– biz olan sevgilərin başında ayrılıqdı...
getdik, gördük atamız çoxdan ölüb... anamız
evimizlə bərabər qocalıb, əldən düşüb.
bacılar gəlin köçüb, evlənib qardaşımız
həyət də ağaclardan, ağac da güldən düşüb...
hər şey saralıb-solub biz gedəndən şəhərə
biz kirayə qalandan yetim qalıb uşaqlıq...
bəlkə sevmədiyimiz bir qadından ötəri
ya çox böyük adamıq, ya da ki çox uşağıq...
bizi də böyütməyə gücü çatmaz şəhərin
nə şəhərlər var bizim uşaq xəyalımızda...
bu böyük gecələrin açılmayan səhəri
bizi kim anlayacaq, bizi - bu halımızda...
bir oğul böyütmədik, əsgərə yola salaq...
bir evimiz olmadı kirayələrdən uzaq...
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq...
bir qadın da sevmədik, ayrılaq, şeir yazaq...
***
Günəşə sevgi demişdik
Allah kəssin ayrılığı
Bunu mənlə barış və get
Səni hər kəsdən çox sevdim
Di hər kəsə qarış və get.
Günəşə sevgi demişdik
Buludu kölgə göndərdi.
Biz bir dünya azad ikən
Bir kölə ölkə göndərdi.
Saçın da qaldı keşmişdə
Əllərin də ölüb getdi.
Məni yuvadan çıxaran
Dillərin də ölüb getdi.
Necə, nə cür kədərlidir
Bunu da indi bilmirəm
Birdən o sən adlı pərdəm
Nəyimə endi, bilmirəm.
Özünü də götür, çıx get
Sənin bu halın sən deyil.
Sən tanrıya bənzəməzkən
mən məndə məndə mən deyil...
***
Azadlıq roku
Burax, külək olum, burax, od olum
Burax, günəş olum, ya torpaq olum.
Burax, Tanrı olum - burax, sevgini
və o azadlığı taparaq ölüm...
Zalımıq həyatın sevgi qatında
bu min cür ağrının bir bədəli var.
Mənzərə belədir: baxıb görməyə
axırda deməyə: belə dəli var.
Onlar burda bizə ikrahla baxır
biz başqa dünyadan onlara yazıq.
Toplaşıb sevgisiz dünya qurublar
burda ona görə belə yalqızıq.
Bir az kənara çıx, ya da bir az sev
səni öldürərlər, uff da deməzlər.
Sən yenə doğulub, yenə sevərsən
yenə də sevməzlər, sev də deməzlər.
Bir aşiq ordusu toplasan belə
bir sevgi savaşı başlayar ancaq.
Hərə bir dərəyə, bir dağa qaçar
hamısı özünü daşlayar ancaq.
Burda orduların qan tökməsi var
burda savaşlarda can almaq şərəf.
Burda sevən əfəl, öldürən cəsur.
Səni buraxmazlar bizlərə tərəf.
Min il, milyon ildir təklənmişik biz
Ölmüşük, yenə də doğub sevmişik
Bir az külək olub sərinlətmişik
bir az yağış olub, yağıb sevmişik.
Bir az günəş olub bu qaranlıqda
doğmuşuq, insanlar yolun azmasın.
Bir az torpaq olub doyuzdurmuşuq
onlar acgözlükdən göyü qazmasın.
Bir az od olmuşuq, donub ölməsin
bizlərdən birini doğacaq ana.
Bir az Tanrı olub yaxınlaşmışıq
insan Tanrı kimi doğacaq ana.
Dünyanı nə qədər üstündə götür
həmişə dünyanın altı sənindir.
Mənim yarım göydə, yarımsa yerdə
səni sevmək üçün neyləyim indi?!..
Burax, külək olum, burax, od olum
Burax, günəş olum, ya torpaq olum.
Burax, Tanrı olum - burax, sevgini
və o azadlığı taparaq ölüm...
***
Həftə sonu hüzünü
günlər səssizliyiylə gələr həftə sonları
hüzünlü hava çökər buludların altına
mən hərdən çəkinərəm dar qəfəsdən çıxmağa
girərəm otağımda umudların altına…
bu hüzün başqa hüzün - insanın son nəfəsi
bu umud mənə qəfəs - mən otağın qəfəsi
bu həftə sonu onun eşidiləcək səsi
yenə səriləcəyəm sükutların altına…
heç kəs məni sükutun əlindən almayacaq
hər kəs gedər, o da yox, o heç vaxt olmayacaq
eh, biz ölsək, bir dənə sağ adam qalmayacaq
ölülər girəcəklər tabutların altına...
***
Rəna, belə olmalıydımı
Rəna, belə olmalıydımı
bağlamalıydınmı üzümə son ümid qapısını
getməliydinmi belə günün günorta çağı
insan olmağa qoymamalıydınmı məni bilə-bilə..
hə nə deyir sənə susan hər şey
rahatladırmı səni səsimin olmaması
zəhləni tökdüyüm gecə zəngləri
məcbur edib görüşdüyüm qısa anlar
hə nə deyir sənə insan olmadığım.
içinin zəhərini boşaltmağa adam varmı barı
ya da mənim qəzəbimi soyutduğum
səni mənim qədər sevən varmı indi qəzəbli
barı səni sevən varmı de gedim üzür diləyim
etiraf edim insan olmadığımı, Rəna...
..indi elə təkəm ki əllərimi hiss etmirəm
sənə toxunan əllərimi
saçlarına yanağına bədəninə toxunan
..indi elə qəzəbliyəm ki ayaqlarımı hiss etmirəm
sənə gələn ayaqlarımı
görüşünə öpüşünə yatağına gələn
..indi o qədər insan deyiləm ki ürəyimi hiss etmirəm
sənə verdiyim ürəyimi
bir görüş bir öpüş bir yataq xətrinə verdiyim
Rəna, belə olmalıydımı insansızlığım
qəzəbimi soyutmağa biri olmamalıydımı
ya da sənin zəhərini boşaltdığın
adam idimmi məni atıb getdin günün günorta çağı
..səni mənim sevmədiyim yox
sevdiyim daha çox aldadır
daha çox xəyanət var sevdiyimdə
daha çox qəzəb var, daha çox getmək var, daha çox
daha çox insan olammadım səni sevəndən..
Rəna, belə olmalıydımı belə
bir görüşün bir öpüşün bir yatağın sevgisi
mənim insan olmadığım belə olmalıydımı
Hiç yorum yok