ADS

Əlfəcin

Arif Qaramanlı - Şeirlər

 

                        NECƏSƏN?

                           (qəzəl)


Səhər erkən duranım, huri camallım, necəsən?

Bu gecə yatmayanım, sevgidən hallım, necəsən?


İlk görüşdən sevişib eşq ilə peyman elədik,

Sözünə düz çıxanım, əhdə vəfalım, necəsən?


"Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim",

Ey mənim incə, zərif, ahu-maralım, necəsən?


Danışarkən dodağından elə bil bal süzülür,

Sədası məlhəm olan ləbləri ballım, necəsən?


Ağ üzün Ay kimidir, al yanağın xoş görünür,

Lalətək xallı yanaq, ey üzü xallım, necəsən?


Sənə sevgimdi sənin üzdüyün o dərya, dəniz.

Sevgi dəryamda üzən cahi-cəlallım, necəsən?


Sevgisi dastan olan adları dillərdə gəzən 

Fərizə, Əsli, Şirin, Leyli misallım, necəsən?


Canımın can parası, qismətim, ey sevdiciyim,

Ürəyim, canım olan sevgi halalım, necəsən?


Nə xəyal qurduğunu sevgilin Arif də bilir,

Xəyalı aləm olan sevgi xəyallım, necəsən?



***

DÜYÜNÜM, TALEYİM ...


Ağlıma yüz cürə fikirlər gəlir,

Biri haqdan gəlir, biri nahaqdan.

Nələr çəkdiyimi bir allah bilir,

Çəkdiyim dərdlərim ağırdı dağdan.


Allaha bəllidir, gizli deyildir,

Səndən nə gizlədim, sən də agah ol.

Yaşadığım ömür əlli bir ildir,

Hələ də tapmıram özümü bir yol.


Şeirdir dərdimin özülü, baba,

Yazıram, üzümü ağardan olmur.

İçimdən sel axır - söz seli, baba,

Di gəl ki, sözüm bu axardan olmur.


Düşündüyüm nədir, alınan nədir,

Üzə çıxartdığım istəyim olmur.

Şeir yazmağım da bir bəhanədir,

Üzdə görünməyə dəstəyim olmur.


Hələ göründüyüm özüm deyiləm,

Vaxtımın əlində düyünəm, baba!

Közərmiş dəmirəm, gərək döyüləm

Ki, olduğum kimi görünəm, baba!


Olduğum kimiyəm güzgü önündə,

Göründüyüm kimi yoxam həyatda.

Dünya gərdişində, vaxt dönümündə

Olub görünməyim olar bir adda.


Mənim görünməyim düyünə düşüb,

Düyünüm, taleyim vaxtın əlində.

Nə vaxtsa dərdimin küyünə düşüb

Gələcəm meydana ağ at belində.



***

QAL BU GECƏ

                          (qəzəl)


Nə olar, getmə bu gün, mehmanım ol, qal bu gecə!

Məni bir körpə kimi ağuşuna al bu gecə!

                              

Neçə vaxtdır gecələr yatmayıram sübhə kimi,

Yuxuya getmək üçün "layla"mı sən çal bu gecə!

                            

Yadına sal o keçən, – mənlə olan günlərini,

O şirin xatirələrlə xəyala dal bu gecə!

                           

Ötən illərdə qalıb sevdalı xoş günlərimiz,

Olub olmuşları bir-bir yadına sal bu gecə!

                            

Eşq-məhəbbət alovum yandırır içdən məni, bil,

Eşq ilə dağ selitək ax, içimə dol bu gecə!

                             

Yaşanan eşqimizin sevdası çökmüş ruhuma,

Canımın istəyi var, – sevgili yar ol bu gecə!

                           

Arifə "yox, gedəcəm" söyləmə, zalım balası,

Vüsalımdan keçəcək getdiyin o yol bu gecə!



***

GÜLÜM

                        (qəzəl)

 

Sən qızılgül kimisən, sevməyən olmazdı, gülüm.

Tikanın aşiqini dərd-qəmə salmazdı, gülüm.


Səni sevməkçün əzəl xarlarını sevməliyəm,

Əlimə batsa da xarın izi qalmazdı, gülüm.


Gülünü dərdiyim an batsa da xarın əlimə,

Sənə eşqdən acısı könlümə dolmazdı, gülüm.


Sənə yetmək diləyim sonda ölən bir ümidim,

Ümidim ölsə də bil, istəyim ölməzdi, gülüm.


Səni sevmək – gülünü, xarını sevməkdi yəqin,

Gülünü dərmək üçün hər naşı gəlməzdi, gülüm.


Səni sevmək – gülünə, neştərinə əhd eləmək,

Gülünə aşiq olan peymanı silməzdi, gülüm.


Səni sevmək – gül ilə, xar ilə peyman eləmək,

Əhd-peymansız olan qədrini bilməzdi, gülüm.


Sənə gendən baxaraq aşiq olan özgə biri 

Səni sevsəydi yəqin taleyi gülməzdi, gülüm.


Səni qəlbən sevənin əllərinə batsa da xar,

Yenə də dərdini əğyar ilə bölməzdi, gülüm.


Ələ batmış tikanın yarını incitsə belə,

Səni gerçək sevənin vecinə almazdı, gülüm.


Arifəm, ey güli-yar, qönçə gülün solsa da bil,

Güli-rəna sevənin sevgisi solmazdı, gülüm.



***

HARDASAN?

                        (qəzəl)     

  

Ay kimi ağ üzlü yarım, Ay camallım, hardasan?

Ağ üzündən nur yağan yanağı allım, hardasan?


Huritək hüsnün var ey gül, hüsnünün heyranıyam,

Tanrıdan manşırlısan, buxağı xallım, hardasan?


Mən arı, sən bir çiçək, ətrin məni bihuş edər,

Gəl ki, səndən bal çəkim, dodağı ballım hardasan?


Dünyanın naz-neməti dəyməz sənintək varlığa,

Varlığı dünyam olan 

ey cah-cəlallım, hardasan?


Çölləri, ormanları gəzdim gülüm, səndən yana,

Ey məni haldan salan, ey əhli hallım, hardasan?


Sən məni sevdin deyə əğyarla mən qırğındayam,

Gəl onu susdur barı, ey qalmaqallım, hardasan?


Gah çölü, gah səhranı gəzdin, dağa meyl eylədin,

Arifə rəhm et, görün, min bir xəyallım, hardasan?

Siz də şeirlərinizin dərci üçün bizə müraciət edə bilərsiniz!

Hiç yorum yok