Elmir Həsənin yeni şeiri
Göylərin qançır rəngində öləziyir ağ bənizin,
arxanca sürünür qırmızıya çalan bulud saçların,
hansısa bir gün günəşin işığında unudarsan dünəni
– kirpiklərindən yanaqlarına sarı...
Pərdəyə bürünərsən ulduzların yaddaşından silinməyə xatir,
dönüb baxarsan yanında dolaşan diri ölülərə,
kölgə səmtinə çəkilmiş başıpozuq ömürlərə,
hərlənib-fırlanıb yadlaşarsan hamıya –
gözlərin yol çəkər keçmişin çəhrayı təmizliyinə...
Daha göyərmiş ağrılarından vaxtsız yuxuya qaçırsan,
darıxırsan əlifbası olmayan dillərdə –
darıxdıqca unudulursan peşmanlığının pəncərəsi önündə.
Sonrası – əllərinə baxan pişiyin ağzından seliklənərsən
tərk edilmiş qarışqa yuvasına...
Hamı kimi sən də ölərsən yaşadıqca,
hər tərpənişin ömründən silinər astaca,
qara parça sərər dişinin küt ağrısı xəyalında...
Və bir gün – gecənin şərindən yaxa qurtaran günü
səhərüzü əllərini axtararsan tapdadığın bütün könüllərdə,
...və də günahlara batmış əllərinin ləkəsi ağarar
gözlərinin dikildiyi tavandan torpağa sarı...
9 sentyabr/2025
Hiç yorum yok