ADS

Əlfəcin

Nicat Hunalp | "Göyün ayağını yerdən kim üzüb?"

 

Söykən çomağına, söykən, eloğlu...


Taleyin yazılıb bu çölə, düzə,

Bəxtin dəyənəyə, çomağa düşüb.

Hay-haray salmısan köçü Arana,

Gah yolun yaylağa, gah dağa düşüb.


Söykən çomağına, söykən, eloğlu,

Quşgözü seyr elə bu çölü, düzü.

Görən kim ağladıb bu buludları,

Göyün ayağını yerdən kim üzüb?


Səni də sabaha tez çıxaracaq,

Qoyunlu yuxular, yunlu yuxular.

Hələ ki, üyüdür dərdimizi də,

Dəyirman yuxular, unlu yuxular...


Bu qaşqa təkələr, bu azman qoçlar,

Hələ ac saxlamaz, tox saxlar bizi.

Birdən göy otlara yuxu satarıq,

Çəpişlər, quzular soraqlar bizi.


Uzat ayağını bu çöl düzündə,

Bir azca ayağın dinc qalsın belə.

Çomaq qorxusu var qoyunun canında,

Ölmək qorxusu var gözündə hələ...


Söykən çomağına, söykən, eloğlu,

Dərdini qoyuna, quzuya denən.

Dişinin dibində sıx, saxla hələ,

Dərdini Tanrılı yazıya denən.


Ovut kədərini, çöllərdə ovut,

Qurut köynəyini buludun üstə.

Açıb qollarını göylərə sarı,

Uzan bu Tanrılı göy otun üstə,

Söykən çomağına, söykən, eloğlu,

Dayan bu qarğıdan boz atın üstə,

Söykən çomağına, söykən, eloğlu...



***


Tısbağa çanağı çıxmaz yuxumdan...


Hələ də yadıma düşəndə hərdən,

Sızlayır vicdanım, göynəyir içim.

Bəlkə də, Allah da keçdi suçumdan,

Mən özüm suçumdan nə haqla keçim?


Çıxarmı yadımdan o yay axşamı,

Uşaqlıq günahım durar üzümə.

İndi də yaddaşım güzgü misalı,

Həmin günahımı vurur üzümə...


Kəndin tirəsində qalıb xəyalım,

Sızladır qəlbimi o daş, o kəsək.

Dolaşır beynimdə düz otuz ildir,

Həmin yay axşamı qarabasma tək.


Beynim onda hələ qan çanağıydı,

Qanmırdım, dünyanı bilə bilmirdim.

Dünyanı qananda xəcalətimdən,

Utanıb ölürdüm, ölə bilmirdim...


Mənim qırx yaşımdı, amma o vaxtı,

O həmin tısbağa, yazıq tısbağa

Daşla çanağını iki böldüyüm,

O bəxtiz tısbağa, yalqız tısbağa.


Ağrısı, acısı Tanrıya tanıq,

Evinin divarı çatlamış naçar.

Gecə yağış yağdı, göy guruldadı,

Çanaqsız binəva haraya qaçar?!


Düşündüm, bir anlıq sızladı ruhum,

Görən su sızdımı çanaqdan, Allah...?

Çanağı çatlamış tısbağa kimi,

Sanıram özümü o vaxtdan Allah.


Məni bu dünyada məhşərə çəkdi,

Əl çəkməz yaxamdan o çanaq, o qan,

Yuxumu qatıram düz otuz ildi,

Tısbağa çanağı çıxmır yuxumdan...

Hiç yorum yok