Cəlil Cavanşir – Seçmə şeirlər
Gedə bilməyən adamın şeiri...
Hara çıxıb gedəsən?
Getməyə yer də yoxdu...
Vida etməyə adam
Sıxmağa əldə yoxdu...
Daha yazmaq da olmur bu boyda tənhalığı...
Bir az can sıxıntısı
Bir az nigarançılıq
Ürəyim boş, əlim boş
ağlayıram, susuram
Qapı zəngi çalınır, pəncərəyə qaçıram.
Daha darıxmaq olmur, adam kimi darıxmaq...
Mayın tam ortasında üşüyürəm, donuram.
Sıxır məngənəsində məni soyuq divarlar
Bu qapının o tayı günəşlidir, istidir
Hardasa çox uzaqda öləziyən ümid var
Ən böyük faciədir kişi ümidsizliyi...
Sən sonuncu ümidsən
Bu yadlar arasında
Bircə dəfə “getmə” de, qalım birgə yaşlanaq
Bircə dəfə dilindən gözəl səslənsin adım.
Yaxşı xatırlayıram sonunucu gedişimi,
Pencəyimi götürdüm getdim və qayıtmadım...
Bax, getsəm bu küçələr səni darıxdıracaq...
***
“Daha bundan sonra dönmə…”
Çoxdan kilidlidir sən açan qapım,
Bir də boş, səbəbsiz qapımı döymə.
Yəqin gələcəksən,
baş çəkəcəksən;
Sabah payız gəlir, sən sabah gəlmə...
Üşütdü ruhumu səssiz gedişin,
Bunu çox yaşadım səndən də əvvəl.
Mən bu payızdan da sənsiz keçərəm,
Gözlə bahar gəlsin...
durnalarla gəl.
Sənin hər fəsildə yerin göründü,
amma sən bilmədin,
Sən axı yoxdun...
Yayın istisində gəlib çıxmadın,
Günəşli günlərdə qardan soyuqdun...
Sabahdan qapımı küləklər döyər,
Yağışlar küçəyə çağırar, səslər.
Payız dumanında itər xəyalın,
Səslər göylər məni,
Yanına səslər...
Mən öz təkliyinə sarılıb, solan
Ağacsız çöllərdə qalan sarmaşıq.
Bir az payız çökər gecələrimə,
Bir az da çiskinli,
nəmli qaranlıq.
Məni təkliyimdən qoparmaz heç kim,
Heç kimin nəfəsi istiməz daha.
Daha bundan sonra dönmə, qayıtma,
Sabah payız gəlir,
Şükür Allaha!
***
Hər şey sevdaya daxildir
Hamıdan, hər şeydən narahat idim,
Yenə dirigözlü açdım səhəri.
Sən də bir az yoxdun... nə yalan deyim,
Durub qucaqladım xatirələri.
Darıxdım, özümə bir çay dəmlədim,
Çayım fincanımda soyudu, atdım.
Əlimi gecənin gözünə soxub,
Minlərlə darıxan ulduz çıxartdım.
Ağladım, eyvanda siqaret çəkdim,
Qayıtdım yatağım soyuyub yenə.
Sıxdım dişlərimi, gözümü yumdum,
Sonra sakitləşdim, haqq verdim sənə.
Sən hardan biləsən, bu gecələrdə
Soyuq divarlarla danışmaq nədir.
Sən hardan bilsən hamıdan qaçıb,
Əzablı təkliyə qovuşmaq nədir.
(Bəlkə də hamısı boş bəhanədir)
Hamıdan, hər şeydən narahat idim,
Yenə dirigözlü açdım səhəri.
Sən də bir az yoxdun... nə yalan deyim
Durub qucaqladım xatirələri.
***
Nə vaxt bahar gələcək?
Bu yaz çiçək bitirməz,
Günəş də çox sönükdü,
insanlar da dəyişib
hamı özünə yükdü.
torpağın üzü soyuq,
göy üzü qapqaradı.
ağaclar çiçəkləmir
tanrım, bu nə havadı?
bir qırıq ümid yoxdu
adamların üzündə.
yelkənsiz qayıqlarıq
günahlar dənizində.
yenə saxta dualar,
yenə yalançı alqış.
insanlar soyuduqca
qış geri qayıdırmış...
qəfil bir çiçək açıb,
daş üstündən boylana.
bir az ümid cücərsin,
qapılaq həyəcana...
amma yox e, vallah yox,
bu su axar, durulmaz.
bu yaz çiçək bitirməz,
“bir çiçəklə yaz olmaz.”
tanrım, bu nə qəzəbdir,
yerdən göy üzünədək?
nə vaxt yumşalacaqsan,
nə vaxt bahar gələcək?
Unudulur nə vaxtsa
Gəl yadına salım ki,
"Ayrılıq var, ölüm var"...
Sənə xatırladım ki,
yaddan çıxır ölənlər,
Xatırlamır qalanlar...
Bir də heç vaxt unutma;
unudulur nə vaxtsa
böyük bir ehtirasla
sarıldığın adamlar.
Arif olan tez anlar.
Sonrası...
sonrası bizdən keçib,
olacaqdı olanlar,
boş şeydi iztirablar,
çox da dərinə getmə,
boş şeydi yaşananlar...
Çətini getmək deyil,
çətini gəlməməkdi.
Sən də elə gəlmirsən.
Sevinəcək duyanlar
Mənə təsəlli vermə,
Unudacam zamanla...
***
Ayrılıq... Ölüm... Qorxu...
bir gün çıxıb gedəcəyəm, sakit, səssiz-səmirsiz
nə günəş batacaq gedişimlə, nə ulduz axacaq
nə tufan qopacaq.
bəlkə qızım ağlayacaq üç gün,
sonra kiriyib susacaq
oğlum bir qız sevəcək hansısa uzaq şəhərdə,
və bir də
getdiyim yollara baxacaq anam
ana, mən getməyə qorxuram
arxanca baxan yoxdursa, ən yaxşısı getməkdi
bir gün çıxıb gedəcəyəm, elə-belə, səbəbsiz
bir yarpaq düşəcək səssiz
bir şeir yarımçıq qalacaq dəftərimdə
bir söz donacaq dilimin ucunda,
məsələn, “əlvida”
kimsə darıxacaq başqa bir şəhərdə,
kimsə əl yelləyəcək uzaqda
nə zülümlə qopardım bu yaşımı əcəldən,
mən ki yol adamıyam,
mən yolçuyam əzəldən...
arxanca baxan yoxdursa, yaxşısı dönməməkdi
bir gün çıxıb gedəcəyəm, ən sonuncu qatarla
bir xəyal sürətilə, yoxa çıxıb itəcəm
yəni səssiz gedəcəm,
mən səbəbsiz gedəcəm
boşaldıb ağrıları ürəyimin içindən
itəcəyəm hamının
və hər kəsin gözündən
nə xatirəm qalacaq kiminsə ürəyində,
nə ağlayan olacaq
heç kəs darıxmayacaq.
bir gün məktub yazacam qürbətdən:
“ana, mən qorxuram ölməkdən...”
arxanca baxan yoxdursa, getmək elə ölməkdi
***
Mənə çoxdan tanışdı bu sərsəri duyğular
Ruhun cəzası sevgi, ötəsi dəlilikdi.
Bir gecədə doğulub, sonra ölən arzular
Bu da ki, tale yolum...
Cırılmış gündəlikdi.
Bir avarsız qayığam, sevdalar dənizində
Yenə sovurur məni çılğın, dəli küləklər.
Özünlə aparırsan xoşbəxt gülüşlərimi…
Getdi sənli günlərim
Geri gəlməyəcəklər…
Bir yandan da havalar…
Üşüyürəm, donuram…
Heç olmasa sən getmə, nolar, sən getmə hələ…
Mənə əlvida demə, vidalardan qorxuram
Məni belə unutma, məni tərk etmə belə…
Bu şəhərin ən qərib adamıyam bəlkə də
Gəl məni köksünə sıx, məni bərk-bərk qucaqla
Hamıdan getmək olar, hamıyla yola çıxma
Məni ən son tərk elə, məni axıra saxla...
***
Sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?
gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub...
çoxdan unudulub
çıxıb gedənlər...
sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu?
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu...
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu...
məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.
sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah,
vicdan haqqı,
narahat olma.
vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənimki yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq...
***
"Mən darıxan adamam"
Bilirsən də,
mən darıxan adamam
bilirsən də,
çox içirəm gecələr
bir də hava tutuldumu...
zülümdü!
sonra hamı yaddan çıxır
yada düşür bir nəfər...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...
bir az saat əqrəbləri,
bir az gecə vicdansız
qıvrılıram,
sıxılıram
ürəyim səksəkədə
niyə belə daşürəksən,
niyə belə amansız?
qayıtsaydın,
sabahacan sevişərdik
bəlkə də...
allah haqqı, darıxıram,
qurban olum, qayıt gəl...
indi elə tənhayam ki,
indi elə təkəm ki,
biri çağırsa adımı,
diksinərəm səsindən
lənət olsun bu gecəyə
mən elə sərxoşam ki
gəlsən, bir də viski al gəl,
beləəə...
lap yekəsindən
allah haqqı, darıxıram
qurban olum, qayıt gəl...
gecə hələ yarı deyil
siqaretim qurtarıb...
kimə deyim “siqaret ver”
axı mənim kimim var?
bilirəm ki, gələcəksən
siqareti unutma
bircə qutu bəs eliyər
təki çıxım sabaha
sabah özüm də alaram...
vicdan haqqı pulum var
allah haqqı gicləyirəm
qurban olum qayıt gəl...
Hiç yorum yok