ADS

Əlfəcin

Salam Sarvanın yeni şeirləri

 


MƏĞZ


Narahat olma yəni:

sevginin gözlərdən oxunuşunda buraxılan səhvlər

düzələcək bədənlərin toxunuşunda.


Narahat olma yəni:

onsuz da sevgi adamları yaxınlaşdırmır,

sadəcə, dəqiqləşdirir aradakı məsafəni.



BAMBAŞQA QADIN


Öz saçlarının ağardığına görə

buludları boyamaq istəyirsən.

Öz köynəyinin köhnəldiyinə görə

dəyişmək istəyirsən ağacların qabığını.


Alın yazın ehtimalların hamısı şəklində...

Qaydanı səhv çıxaran istisnasan sən.

Elə hey titrəyirsən: sanki

qəlbinin hər döyüntüsündən diksinirsən.


Özünlə müharibədə olduğunçün tənhasan:

axı belə döyüşlərdə cinah olmur.

Amma... amma sən hələ də gözəlsən:

gözəldə günah olmur.


Upuzun bir hüzn kimi keçirsən küçədən:

qəddinə-vücuduna heyrət.

Yaralı-yaralı çırpınan halında

bədən dilinin sükutuna heyrət.


Elə hey qapamaq istəyirsən gözünü,

amma intihar alınmır səndə:

çünki hər dəfə özünü öldürmək istəyəndə

artıq ölmüş sanırsan özünü.



XƏSTƏXANA ŞEİRİ


Əbədiyyət və Fanilik

qum saatındakı qədəhləri toqquşdurur:

bunu da içək Adəmin almadakı diş yerinə bənzəyən

dərin yaraların sağlığına.


Kimsə də düşünür:

cəhənnəmdə məni gözləyən cəzanın

günahını törətməyə çatacaqmı ömür?



AGENTİN ETİRAFI


Yol qırağındakı ağacların vətəni Qıraqdırsa...

Hətta peyin qurdunun da vətəni vardırsa...


Sadəcə düşünməlisən:

dünən sularda boğulan adamlar

dənizin dibinə çatdılarmı görəsən?



TƏRƏDDÜD


Bilmirəm nə deyim:

bilmirəm müharibələr yaşamağın məşqidi,

yoxsa ölməyin.


Və bir də tərəddüdün beləsi:

bilmirəm sənə sevgimi hansı sözlə bildirim,

verəcəyin əzabı ifadə eləsin.



DAVAMSIZLIQ


Səninlə aramızda nələr olubsa,

heç birinin davamı vacib deyildi:

cümlənin yaddan çıxan hissəsini

suflyor pıçıldamamalıydı aktyora.


Çünki yer çox dardı:

əslində, ağzınacan doldurulmuş qədəhlərimizin

bircə qurtumluq həcmi vardı.


Çünki vaxt çox dardı:

topu itirən futbolçunun macalı olmur

bu ayrılığın əzabını yaşamağa.



ÇIXILMAZLIQ


Öz yurdunun adamları içində boğulursan, boğulursan,

bir gün boğaza yığılırsan...

Qlobusu tale çarxı kimi fırladaraq

bəxtəbəxt bir ölkə seçmək istəyirsən getməyə:

hər dəfə bir okean dayanır burnunun ucunda.



ALMA


Bizə göz verəndə göz vurmuşdun.

Bizə dil verəndə dil çıxartmışdın.

Bizə əl verəndə əl eləmişdin...


Bizə istedad verəndə yasaq eləmişdin

şeirimizdəki “alma” sözünü dişləməyi.



QOŞA SUAL


İşığın da, qazın da, suyun da pul yazdığı evdə

oturub şeir yazan şair düşünürdü:

görəsən neçə işarədən anlar məni arif oxucu?


Sevdiyinə ismarış yazan oxucu düşünürdü:

görəsən niyə yazıram bu məktubu –

səbəbi necə silim yollamazdan qabaq?


Hiç yorum yok