ADS

Əlfəcin

Mirbədəl Həsənli (Sadiq) – Şeirlər

 

Özü də bilməyib sevmədiyini,

Kim ki, utanmadan sevirəm deyib.

Mən sənə “sevirəm” deyə bilmərəm,

Bu söz çox kişinin dilinə dəyib.

 

Məni sevməyi də ummuram səndən,

Allah deyilsən ki, bəndə sevəsən.

Sevə bilmirsənsə utanma məndən,

Məni kim sevib ki, sən də sevəsən.

 

Gör məni bu sevgi nə hala salıb,

Özümə baxanda qorxuram özüm.

Vaxtında o qədər ağlamışam ki,

İndi güləndə də yaşarır gözüm.


 

***


Səni hicran gecəsi görməsəm, ey məhparəm,​

Min vüsal sübhü belə açsa,​ sağalmaz yarəm.


Sevməsən də sevirəm mən səni, ey büt, hərçənd

Düşmənəm düşmən ilə yar ilən ancaq yarəm.


Boş yerə zülm eləmə canıma heyfim gəlmir

Dayan, ey çərx ki, səndən də betər qəddarəm.


Gəl, -dedim- can verirəm, gəlmədin öldüm getdim

Sözümü salmadığınçün yerə minnətdarəm.


Olmaram aşiq əgər dərdimə dərman olsa,​

Sadiqa, şükr edirəm həqqə ki, yoxdur çarəm.



***


Yer üzündə yerim yoxdu,

Göy üzündəsə tanışım.

Görən harda məskən salım?

Görən kiminlə danışım?

 

Sürət ver mənə İlahi,

Qaçıb dərddən uzaq düşüm.

Kədər də buraxmır məni,

Gedib sevinclə görüşüm.

 

Gör nə xam sürücüyəm ki,

Ömür də sürə bilmirəm.

Gözümdə nur ola-ola,

Özümü görə bilmirəm.



***


Sən məni yenə sevmədin,

Sən məni yenə unutdun.

Sevməyin neçə il çəkdi,

Amma bir günə unutdun.

 

Yoxdumu inamın eşqə,

Heç mənə meylin yoxdumu?

Bu dünyada məndən başqa,

Yadından nəsə çıxdımı?

 

Sevməsən də olar ancaq,

Bircə unutma bəsimdi.

Bir gün adım çəkiləndə,

Barı demə yad isimdi.

Hiç yorum yok

⇧