ADS

Əlfəcin

Ərşad V.Oğuz – Şeirlər

 

Bəzən təbiət də xilaskar olur...


Baxdıqca xəyala aparır səni.

Elə bir yerə ki, həmin o yerdə,

Nə kimsə axtarır, nə tapır səni.

Elə bir yerə ki, qəmdən uzaqsan,

Hara baxırsansa, sevinc yaradır.

Hər şeyin, hər kəsin özü bəllidir,

Yaxşının rəngi ağ, pisin qaradır.


İnsan maskalanmır, maskası olmur,

Üzünü üz altda gizləmir heç kim...

Kim səni sevirsə, ürəkdən sevir,

Sevib öz xeyrini gözləmir heç kim...


Deyirsən, İlahi, nə gözəl yerdir,

Sanırsan, gerçəkdir, xülya deyil bu.

Təmiz arzularla talan olduğun

Torpağı, suyu qəm dünya deyil bu

Amma dünya yenə dünyalıq edir,

Göstərir xəyalın yalan olduğun...

Şirin arzularla qurub qoşduğun,

Quru xəyaldan da qoparır səni...



***

Səndən ayrılmaq


Sənsizlik qəlbimi yandırır mənim,

Gecələr oyağam, səhər bilmirəm.

Qayıtsan, bəlkə də, barışar qəlbim,

Amma əvvəlkitək sevər? Bilmirəm...


Yox, yox!

Bu sözü duymasın ürək,

Bir daha nə zərbə, nə zədə bilsin.

Onsuz da qəlbimi elə qırmısan,

Çətin ki, sevgini hiss edə bilsin.


Yalandan demə ki, sevirəm səni,

Sus ki, səsindəki yalan dayansın.

Bir vaxt param-parça elədiyin qəlb,

İndi sevdiyinə necə inansın?



***

O yarı gördüyüm ilk gün...


O yarı gördüyüm ilk gündən alışdım oduna, 

Yetmədi yar, fəqət, öz aşiqinin imdadına.


Gecə-gündüz onu yalnızca düşündüm, durdum,

Nə qədər şerü-qəzəllər elədim vəsf adına.


Görmədim bir kərə olsun edə bu könlümü şad,

Elə hey cəhd elədi, istədi vursun od ona.


Bu məhəbbət təamın dadmamış idim qəti mən, 

Ta ki verdim bu könül mülkümü səntək qadına:


O zaman anladım artıq nədi sevgi, nədi eşq, 

Elə bir şey ki, qarışmış şəkər ağu dadına.


Vəli könlüm istər səni, nə edim mən? Necə ki, 

Mənə sən söz keçirə bilməmisən, mən də ona...


Ərşada rəhm elə gəl, yar, sənə Məcnundu deyə, 

Sən də gəl ol ona Leyli nə qəzəblən, nə qına.

Hiç yorum yok