ADS

Əlfəcin

Pərviz Qurbanlı – Seçmə şeirlər (II)

 

Elə gözəl ağlayırsan, əzizim,

Gözlərinin nəm tərəfi olaydım.

Ömür boyu yaşayadım səninlə,

Kaş ömrünün qəm tərəfi olaydım.


Eybi yoxdu, canım-gözüm, gülümsə,

Dadın çıxar, çəkdiyimiz zülümsə.

Neçə ildi axtardığın mənəmsə,

Tapmadığın kəm tərəfin olaydım.


Əsəbiləşib öz-özündən küsəydin,

Başım üstdən külək kimi əsəydin,

Hər daraqda nəfəsimi kəsəydin,

Saçlarının dən tərəfi olaydım.


Ümidlərin arzuları yıxaydı,

Qaranəfəs sağa-sola baxaydın,

Hara getsən mən tərəfə çıxaydın,

Bu dünyanın sən tərəfi olaydım.


X


Arzu yatır hər ürəkdə bir neçə,

Dolu şəhər, boş adamlar, dar küçə.

Qarnımız tox, ac yatırıq hər gecə,

Neçə ildir çörəyimiz şərikdir.


Bir bölürük biz hər şeyi nədənsə,

Bir ağlayıb, bir gülürük nədənsə.

Bir yaşayıb, bir ölürük nədənsə,

Elə bil ki, ürəyimiz şərikdir.


Çox xoşbəxtdir üzü gülən elimiz,

Boğmaz bizi göz yaşından selimiz.

Hər duaya amin deyir dilimiz,

Qoxuludur, diləyimiz şərikdir.


Bu aydındır, getdiyimiz doğru yol,

Bilməz axı, ağr, çətin, qorxu-yol.

Boran nədi, tufan nədi, məğrur ol!

Möhkəm dayan, küləyimiz şərikdir.


Allah alır, Allah verir hər şeyi,

Allah yazır, Allah silir hər şeyi

Allah görür, Allah bilir hər şeyi

Şükür olsun, köməyimiz şərikdir.



X


Yenə gözündən yaş axır,

Qonşulara qərib baxır,

Binaları da darıxır

Bu şəhərin.


Yollarının tozu yazıq,

Çoxu yazıq, azı yazıq.

Oğlu yazıq, qızı yazıq

Bu şəhərin.


Qurban olum, çəkil geri,

Qalmayıb heç səbir yeri.

Hər küçəsi qəbir yeri

Bu şəhərin.


Önə çıxdın neçəsindən,

Dərd axnaşan küçəsindən.

Səhərləri gecəsindən

Zülmət olur

Bu şəhərin.


Sanki qəfəs, hər tərəf dar

Çox düşünmə, vallah, yorar.

Sənin kimi xoşbəxtə yar,

Mənim kimi bədbəxti var

Bu şəhərin.



X


Qoru, bu ocağı, qoru, bu odu,

Çalış bu ocağın odu sönməsin.

Məni yaxınımıdan qoru, İlahi,

Uzağım yaşasın, yadım ölməsin.


Susmaz qulağımdan qan gələnədək

O belə, bu belə deyən adamlar.

Səhərdən-axşama qarınları ac,

Başımın ətini yeyən adamlar.


Dəymə əllərimdə boğulan cana,

Susayıb bir ovuc qana gəlmişəm.

Məni bu yerlərə çağıran hanı?

Özüm də bilmirəm hara gəlmişəm.


Qorxma, yum gözünü, mürgülə bir az,

Gözünün gördüyün bilən olmasın.

Elə tək qalım ki bu xarbada,

Çağırım, çağırım, gələn olmasın.


Nə yaman yazıdır, nə pis mürəkkəb,

Deyəsən, yazıblar boşa bu ömrü.

O ölüm dediyin nədir ki, axı,

Gücün var, mənimlə yaşa bu ömrü.



X


Bir az dərdən, kədərdən

Çəkərsən, yenə sabah açılar.

Bu qədər ahdan, nalədən

Bu dar koman uçular.

Yazıqsan.


Əl çək xatirələrdən!

Ölüm səni gözləyir,

Boyuna qurban deyir,

Əcəlin əzizləyir.

Uşaqsan?


Harada qaldın, yubanma,

Darıxdı dar ağacı.

Böyüdüyün həyətdə

Nə çoxdu dar ağacı.

Uzaqsan?


Elə yerə çatmısan,

Ölüm indi xilasdı.

Dilində bir fatihə,

Ürəyində ixlasdı.

Gülürsən.


Sənə baxanda sənsən:

Başdaşı hazır adam.

Yum gözünü, çəkinmə,

Hazıra nazir adam,

Ölürsən.

Hiç yorum yok