Səccad Piriyev | "Mən hər gecə yad eyləmişəm yarı şeirlə"
***
Mən hər gecə yad eyləmişəm yarı şeirlə.
Olmuşdu sübut eşqimin aşkarı şeirlə.
Gül surətini bircə gözüm gördüyü andan,
Məst eyləmişəm cümlə xiridarı şeirlə.
Heç görmədim, hicran gecəsindən bəri bir gün,
Mən samiti saitlə, sənətkarı şeirlə.
Həqq verdiyini mən sənə vermişdim hədiyyə,
Fərqsizdi dəyərdən neçə mirvari şeirlə.
Fikr eyləmirəm çox səni xatırlamaq üçün,
Ev ya'rı şəkillərlə dolu ya'rı şeirlə.
Xar etmə sevən kəsləri dünyada, ilahi,
Səccad yenə dərdin bölüşür bari şeirlə.
***
Ölüb aydın səhərim qaldı zil-qaranlıqda.
Var ümid bəlkə açılsın qəfil, qaranlıqda.
Açılar ya də açılmaz səhərim, şükr etdim.
Sürür ömrün neçə gözdən əlil qaranlıqda.
Bu ömür zülfünə bənzərdi gözəl cananın,
Çün həyatım açıq-aydın deyil, qaranlıqda.
Xoş o insana ki, hər qüssədə ağlar rahət,
Gözüm ağlar yenə qoymaz dəlil, qaranlıqda.
Sən özün tut yolu aydınlığa daim, Səccad.
Bu şeir qalsa belə ilbəil qaranlıqda.
Hiç yorum yok